Sabunçu Tibb Mərkəzində hərbi həkim komissiyasında ilkin hərbi qeydiyyat üçün müraciət edən vətəndaşlar tibbi müayinədən keçmək üçün saatlarla, bəzən isə günlərlə növbə gözləyirlər.
"Xəzər Xəbər"ə müraciət edən vətəndaş Mətanət Hüseynova deyir ki, 15 yaşlı övladı hərbi həkim komissiyasında tibbi müayinədən keçmək üçün Mərkəzə müraciət edib. Ancaq xəstəxananın radioloji kabineti qarşısında 300 nəfərlik növbə olduğundan geri qayıtmalı olublar.
İddialara elə yerindəcə aydınlıq gətirmək üçün Sabunçu Tibb Mərkəzinə üz tutduq.
Xezerxeber.az-ın məlumatına görə, Sabunçu Tibb Mərkəzinin direktor müavini Sevinc Həsənzadə deyib ki, gün ərzində mərkəzdə 1600-2000 vətəndaşa xidmət nəzərdə tutulsa da, bu say 2-3 dəfə çox olur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilən şəxslərin sayı isə gün ərzində 100-ü ötür.
Sevinc Həsənzadə qeyd edib ki, rentgenoloji müayinələr xüsusi normativ əsasında fəaliyyət göstərir. Bu isə gün ərzində 30-35 vətəndaşa xidmət deməkdir. Amma gün ərzində 100 nəfər çağırışçı daxil olmaqla, digər vətəndaşların da müayinəsi həyata keçirilirsə, bu zaman sıxlığın yaranması qaçılmaz olur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və Beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə sorğumuza cavab olaraq bildirdi ki, hazırda həm ilkin qeydiyyat üçün müraciət edənlər, həm müddətli həqiqi hərbi xidmətə yola salınacaq çağrışıçıların, həm də təlimlərə göndəriləcək hərbi vəzifəlilərin hərbi həkim kommisiyasında həyata keçirilir.
Tibbi müayinə prosesi Səhiyyə Nazirliyinin və TƏBİB-in xüsusi həkim kommisiyalarının mövcud olduğu tibb müəssisələrində aparılır. Gündəlik say limitləri tibb müəssisələri tərəfindən təyin olunur.
Yoxlamaların digər tibbi mərkəzlərdə aparılmasına gəlincə, bu bölgü TƏBİB-in və Səhiyyə Nazirliyinin səlahiyyətlərinə daxildir.
TƏBİB-dən isə "Xəzər Xəbər"ə bildirildi ki, yaranmış vəziyyət və iddialarla bağlı araşdırma aparılacaq. Qurumdan o da qeyd olundu ki, yaxın günlərdə Sabunçu Tibb Mərkəzinə yeni radioloji cihazlar veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.