Qusar rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu, onlarla mütəmadi olaraq keçirilən görüşlərin əsas məqsədi vətəndaşların problemlərinin operativ şəkildə həll olunmasıdır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu qəbildən olan növbəti səyyar görüş rayonun Xuray İnzibati Ərazi Dairəsinə daxil olan Suvacal kəndində baş tutub.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov suvacallıların problem və qayğılarını dinləyib. RİH başçısı Aparatının məsul şəxsləri, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, müvafiq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və kənd sakinlərinin qatıldığı görüşdə vətəndaşlar öz problem və təkliflərini səsləndiriblər.
Onlar suvarma və içməli su çatışmazlığından çətinlik çəkdiklərini bildirərək, istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsi, yaşayış evlərinin tikintisi üçün torpaq sahəsininin ayrılması, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
Problemlərin həlli məqsədilə müvafiq qurumlara tapşırıqlar verilib.
Daha sonra Suvacal kənd tam orta məktəbində olan rayon rəhbəri məktəbin fəaliyyəti, cari vəziyyəti ilə tanış olub, şagirdlərin təhsil göstəriciləri ilə maraqlanıb
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.