AZ

"Powerbank"lar niyə heç vaxt vəd edilən tutuma çata bilmir?

Reklamlar bir şey deyir, reallıq isə başqa. "Powerbank"larin elan edilən tutumu niyə tam təmin edə bilmədiyini heç düşünmüsünüzmü?

Əgər bir powerbank (daşınan batareya) istifadə edirsinizsə, onun üzərində göstərilən tutumun əksər hallarda tam təmin olunmadığını hiss etmiş ola bilərsiniz. Məsələn, nəzəri olaraq 10.000 mAh tutumlu bir "powerbank", 5.000 mAh tutumlu bir smartfonu iki dəfə tam doldura bilməlidir. Lakin real istifadədə bu, nadir hallarda baş verir.

HİT.az xəbər verir ki, bu fərq istehsalçıların istehlakçıları aldatmağa çalışdığı anlamına gəlmir. "Powerbank"lardan qeyd edilən tutum, içərisindəki litium batareyaların ümumi enerji saxlama qabiliyyətini ifadə edir. Lakin bu enerjinin hamısı istifadəçiyə tam ötürülə bilmir. Bunun bir neçə əsas səbəbi var:

Enerji çevrilməsi zamanı itkilər: "Powerbank"lar enerjini 5V gərginliyə yüksəldərək cihazlara ötürür. Ancaq onların içindəki litium batareyalar adətən 3.7V səviyyəsində enerji saxlayır. Bu enerji “voltaj çevirici” adlı mexanizm vasitəsilə 5V-a çevrilir, lakin bu proses zamanı müəyyən enerji itkisi baş verir.

Tampon tutum: Elektron cihazlar batareyalarının həddindən artıq doldurulmasının və boşalmasının qarşısını almaq üçün müəyyən hissəsini qoruyucu tampon kimi ayırır. "Powerbank"lardan da eyni prinsip keçərlidir və bu, istifadə edilə bilən enerjini azaldır.

Temperatur təsiri: "Powerbank"lar enerji ötürülməsi zamanı istilik yaradır. Çox vaxt bu cihazlarda effektiv soyutma mexanizmləri olmadığından, istilik səbəbindən enerji itkisi baş verir və ümumi effektivlik azalır.

Batareyaların təbii aşınması: Litium batareyalar zamanla tutumlarını itirir. "Powerbank"lar istehsaldan sonra uzun müddət anbarlarda saxlanıldığından, satışa çıxarıldıqda belə onların müəyyən enerji itkisinə məruz qalmış olması mümkündür.

İstehsalçılar adətən nominal tutum haqqında danışır, lakin real istifadədə bu rəqəmin təxminən 60%-nin effektiv şəkildə istifadə oluna biləcəyi nəzərə alınmalıdır. Məsələn, 20.000 mAh tutumlu bir "powerbank" gerçəkdə təxminən 12.000 mAh enerji ötürə bilir. Bu isə 5.000 mAh tutumlu bir smartfonu təxminən iki yarım dəfə doldurmağa kifayət edir.

"Powerbank" seçərkən məhsul haqda istifadəçi rəylərini nəzərdən keçirmək və tanınmış, etibarlı markalara üstünlük vermək daha düzgün seçim ola bilər.

Samir
 

Seçilən
3
50
hit.az

10Mənbələr