AZ

Gənclər niyə daha həvəslə boşanır? - Şok statistika, psixoloji səbəblər

Bu gün, 09:10

Boşanma təşəbbüsü 70 faiz qadınlardan gəlir, ona görə ki...
Son zamanlar cəmiyyətdə artan boşanma sayı narahatlıq doğurur. Bu halların xüsusən də gənc ailələrdə özünü göstərməsi diqqət çəkir. Gənclər bir çox hallarda necə sürətlə, çox düşünmədən, sürpriz qərarlarla evlənirlərsə, eyni sürət və çılğınlıqla da boşanırlar.
“Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. Taliyə İbrahimova bildirib ki, onlar xasiyyətlərin uyuşmamasını əsas gətirir: “Görünür, daha dərin səbəblər var. Ailə qanunvericiliyi ilə bağlı yeni dəyişikliklər paketini hazırlamışıq, bu, yaxın zamanda Milli Məclisə təqdim olunacaq. Qızqaçırma halları da var. Adam oğurluğu cinayətlərinin böyük hissəsi qızqaçırma ilə bağlıdır”.
Rəqəm, statistika bəllidir. Bəs səbəb nədən ibarətdir? Qadınların bəzisi zorakılığa məruz qaldığından, bəzisi psixo-sosial durumdan, bəzisi isə kənar müdaxilələrdən çıxış yolunu boşanmaqda görür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk üç ayı ərzində 10 081 nikah, 5 124 boşanma qeydə alınıb. 2023-cu ilin eyni dövründə isə 11 870 nikah, 5 118 boşanma olub. Statistik rəqəmlərə baxanda aydın görünür ki, nikahı qeydə alınanların sayı təxminən 15 faiz azalıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən açıqlamaya görə, boşanmaq istəyən hər 10 nəfərdən yeddisi xanımdır. Mübahisəli boşanmaların sayı daha çoxdur, kənar müdaxilələr anlayışlı boşanmanı mürəkkəbləşdirir. Son illər zorakılığa məruz qalan kişilər də var. Bu baxımdan da hazırda Azərbaycanda psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailə psixoloqu məsələsinin institusional səviyyədə həll olunmasının artıq vaxtı çatıb.
Boşanmalar niyə artır? - Ən asan çıxış yolu...
Psixoloqlara görə, əvvəllər insanlar 10-15 il evli qalırdısa, indi evlənəndən 3-5 ay sonra boşanma qərarı alırlar. Bunu isə sosial-iqtisadi problemlərlə əlaqələndirirlər. Lakin məsələnin kökündə insanların səbirsizliyi dayanır. İnsanlarda zamanla alışma olmalıdır. Yəni iki insan zamanla bir-birini tanımalıdır. Bundan sonra isə ayrılma qərarı ala bilərlər. Lakin indi elə deyil. Hazırda qısa müddət ərzində ayrılma qərarı alırlar və valideynlər də bu işlərə çox müdaxilə edir. Nəticədə problem daha da böyüyür və boşanma halları yaşanır.
Psixoloqlar arasında aparılan rəy sorğularından belə anlaşılır ki, hazırkı dövrdə boşanmaya səbəb olacaq ən böyük motiv xəyanətdir. Daha sonra isə ailədaxili münaqişə, qadına qarşı zorakılıq, zərərli vərdişlər və s. boşanmaya gətirib çıxarır. Araşdırmalara görə, ailənin sınaqdan keçməsi üçün ən azı 3 il zaman lazımdır. Sivil dünyada insanlar həm evlənəndə, həm də boşananda mütləq psixoloqa müraciət edilməlidir. Azərbaycanda isə ya boşanıb zorakılıq gördükdən, ya psixoloji durum gərginləşdikdən, ya da iş məhkəməyə qədər getdikdən sonra müraciət edirlər.
Bundan başqa, keçmiş nəsil qadınlar xəyanət faktoruna görə ailə dağıtmağa tələsməsələr də, gənc nəsildə buna dözümsüzlük özünü göstərir. İndi çox nadir hallarda gənc ailələrdə qadınlar ona xəyanət edən ərlərinə ikinci şans verir. Psixoloji müşahidələr onu deməyə əsas verir ki, gənclər indi ailənin qorunub saxlanması üçün dözüm, fədakarlıq göstərmir, bəzən nələrisə qurban edilməsinə getmirlər. Əksinə, sürətlə və düşünülməmiş evlənmə qərarı verdikləri kimi, boşanma qərarını da eyni sürətlə, çılğın şəkildə verirlər. Əgər ailədə uşaq varsa, bu halda onun gələcəyi, taleyi də çox həssaslıqla düşünülmür. Çünki cəmiyyətdə “boşanmış ailənin uşağı” sindromu yoxdur və uşaq bunu ciddi travma kimi yaşamır.
Psixoloqların araşdırması həmçinin sübut edir ki, insanlar arasında şəxsiyyət pozğunluğu problemlərinə də tez-tez rast gəlinir. Bu da müəyyən mənada gənc ailələrin dağılması ilə nəticələnir. Psixologiyada bu, davranış pozuntusu adlanır və ünsiyyət qura bilməməkdən əmələ gəlir. Araşdırmalar habelə göstərib ki, ailə münasibətlərində kommunikasiya və təfəkkür problemləri böyük münaqişələrin meydana çıxmasına şərait yaradır. Beləliklə, ailələrin dağılması qaçılmaz olur. Əksər boşanma qərarı verən şəxslərin ortaq problemi bir-birinə dözə bilməməkdən irəli gəlir.
ANLAŞMALI BOŞANMA DAVASI – Saban Hukuk Danışmanlık
Əsas məsələ iki insanın ünsiyyət bacarığı və davranışları ilə əlaqəlidir. İnsanlar özlərindən qaynaqlanan səbəbləri görə bilmədikləri üçün boşanmalar da artmağa davam edir. İkinci dəfə ailə qurmaq isə həm ictimai cəhətdən qınaq olduğu üçün yeni problemlər və basqılar ortaya çıxır. Eyni zamanda psixoloji cəhətdən stress yaşayan adam növbəti dəfə eyni faciəni yaşayacağını düşündüyü üçün ailə qurmaqdan çəkinir.
Zamanında ailələrin dağılmasında ən geniş yayılan səbəb və ya səbəbkar “qayınana təzyiqi” göstərilirdi. Amma indi dövr dəyişib və qayınanası ilə birgə yaşayan gəlinlər əvvəlki qədər çox deyil. Əvvəllər valideynlər vəziyyəti daha sərt idarə edirdilər. Məcbur şəkildə qurulan evliliklərin sayı indi o qədər də çox deyil. Hətta gəlin-qayınana məsələsi ucbatından boşanma halları statistikaya nəzər yetirsəniz o qədər də çox olmamalıdır.
Amma yenə də hər hansı bir səbəbdən, ictimai problemlərini həll etmək məqsədilə müvəqqəti ailə quranlar, eyni zamanda kimlərinsə tövsiyəsi ilə və ya təzyiqi altında evliliyə razılıq verənlər də az deyil. Ümumi dəyərlərin olmadığı təqdirdə, ailə qurulma halları daha çox müşahidə olunur. Bir sözlə, evlənərkən münasibətə diqqət yetirməyəndə, bu cür nikahlar müvəqqətiidir. Təbii ki, belə olan halda istənilən çətinlik kütləvi sayda ailələrin dağılmasına gətirib çıxara bilər.
Sosial şəbəkələr kommunikasiya və yeni tanışlıqlar əldə etmək üçün bir vasitədir. Bu faktor, əksinə, evliliyin sayının artmasına gətirib çıxarmalıdır. Kommunikasiyaları boşanmalara səbəb göstərən insanlar isə əslində etibar və qısqanclıq zəminində problem yaşayanlardır.
Nəticə etibarilə belə çıxır, valideynlərin bu mövzuda gənclərə təsiri azalıb, texnologiyalar evliliyə təkan verən faktordur, ictimai və iqtisadi sabitliyin pozulması isə müvəqqəti durum olsa da, boşanmaların sayının artmasına əsas yardımçı vasitəyə çevrilib.

Seçilən
2
1
Reportyor.tv

2Mənbələr