AZ

Ürəyini şeirə büküb vətəndə basdıran şair - Əntiqə Kərimzadə yazır…

   (Famil MEHDİ haqqında)

…Və bir gün qayıdacağıq o yerlərə, deyirdi şair.  Hansı ki  o yerlərdə  şeirlərinin havası qalıb. O torpağa  çöküb misrasının  göz yaşları. O yurd bağrına basıb şeirinin üsyanını, naləsini… Şeirlərini oxuyanda bir az onun kimi mətin olmaq istərdim. Bir az dözümlü,  bir az cəsarətli və bir az da Vətən…  Vətən olmaq… Bu, bəlkə də şairlikdən, alimlikdən, müəllimlikdən də ağır işdir- Vətən olmaq. Amma Famil Mehdi vətən adam idi. Sözün əsl mənasında vətən adam!

Ürəyini şeirə büküb vətəndə basdıran şair. Bu küləklər şəhərində əllərimi Xəzərin sinəsinə tərəf qaldırıb üsyan edəndə elə bilirəm ki, küləklər şeirlərinizi üzümə çırpır…  Üsyan axı sizin şeirlərdədir.  İnsanlar çağırışı yalnız bağırtı hesab etdiyi  halda, haqq səsinizi poeziyaya çevirdiniz, vətən adam. 

Əslində bütün yolların gözü var. Yollar da gözləyir. Bir dönüş gözləyir, bir zəfər gözləyir, bəlkə də bir şeir gözləyir…  Bu dönüş oldu, bu zəfər oldu.  Siz görmədiniz, əminəm ki,  ruhunuz duydu

Amandır, - kef nədir-sormayın məndən,
Soruşun: ürəkdə yaran necədir?
Səngərə girməklə aran necədir?
Gözəl bir ölümlə aran necədir?
Mən də hayınıza hay verim: - Qardaş,
Ürəyimcədir!
Ürəyimcədir!

Əslində bu “ürəyincə” olan dərdinə sarılmışdı sarsılmaz şair. Hələ ölümün nazını çəkməyi də  vardı. Özü deyirdi ki, “Gözəl bir ölümlə aran necədir”. Əlbəttə, Qarabağın işğal olunduğu bir vaxtda Famil Mehdi sentimental sevgi şeirləri yaza bilməzdi. Artıq onu məmləkətinin və millətinin taleyi düşündürürdü. Bir vücudda milyonlarla insanın dərdini daşımaq heç də asan deyildi. Nə yazıq ki zamanla bu yük  Famil Mehdi kimi bir ziyalını bizdən alıb  çiynində ədəbi evinə yola saldı. 

Vətənli ölülər, ölüykən diri,
Vətənsiz dirilər, diriykən ölü.

Famil Mehdi yaradıcılığında Vətən mövzusu, vətən anlamı xüsusi mövqe tutur. Onun üçün vətənsiz yaşamaq mənən məhv olmaq qədər əzablı həyat idi. O, vətəni hamı kimi sevmirdi. Onun yurduna məhəbbəti  şablonları sındırırdı. Şairin sevgisində vətən səngərdən göyə qalxırdı. 

Qalx, düşmən əlində Vətən çırpınır,
Qayaya çırpılır, daşa çırpılır,
Qalx, qovaq göylərdən bu qara yeli,
Irəli, irəli, ancaq irəli!

- Bəli, o vətən ki bir zamanlar bizim beşiyimizin qoyulduğu torpaqdır.  Həmişə torpağı üçün, milləti üçün yarpaq kimi əsirdi. Nə biləydi ki, zamanla vətənin dərdinə əsir düşəcək.  

Susacaqsa könül tarım,
Simlərini dartıb qırım.
Millətim bədbəxtsə, Tanrım,
Sən məni xoşbəxt eləmə!

O, Azərbaycanı məmləkət olaraq sevdi. Milləti isə sözün əsl mənasında xalq kimi görüb bağrına basdı.  Hər addımında xalqı üçün yandı Famil Mehdi.  Amma biraz da nisgilli köçdü bu dünyadan. Əlbəttə, bir ziyalı kimi Famil Mehdi bu nisgilin ağırlığını duyurdu. Amma bunu  xalqının məzlumluğu kimi görürdü. Üsyankar bir şairin xalqını belə görməyi onun üçün dözəlməz idi. Nə yazıq ki, dözülməzliyə ömrü də, özü də dözmədi. Onun haqqında  danışmaq bir vətən övladı kimi nə qədər qürurvericidirsə, bir o qədər də kədərlidir. Çünki xalqın  Famil Mehdi kimi ziyalıya və ziyalılara ehtiyacı olduğu bir vaxtda o,dünyanı  əbədi tərk etdi.

Gözləri yolda qalan yolların gözünü yolda qoymaq dəyərli ziyalı, üsyankar şair və hər şeydən öncə vətən oğlu Famil Mehdinin işi yox, taleyin işi idi. 
Və bir gün qayıdacağıq o yerlərə, deyirdin,  şair. Qəlbimizdəki o azadlıq eşqi parladı, Azərbaycanı son damla qanımıza kimi bütöv görmək istədik.

Ruhunuz şad olsun, əziz Famil Mehdi. Biz o yurda qayıtdıq!


Əntiqə  Kərimzadə


    


 

Seçilən
7
adalet.az

1Mənbələr