AZ

“Dünya xaosdan yeni düzənə keçid mərhələsindədir” – Qlobal Bakı Forumunun əhəmiyyəti – ÖZƏL

XII Qlobal Bakı Forumu dünya düzəninin yenidən formalaşması kontekstində hansı praktiki nəticələr verə bilər? Forumda müzakirə olunan çoxtərəfli diplomatiya və orta güclərin rolu qlobal siyasətdə hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Elçin Xalidbəyli Olaylar.az-a danışıb. Siyasi şərhçi bildirib ki, yeni dünya düzəni formalaşır və xüsusilə Tramp administrasiyasının siyasəti beynəlxalq sistemin mövcud qaydalarını sarsıtmaq təhlükəsi yaradır:

"Təbii ki, yeni dünya düzəninin formalaşması prosesi hazırda olduqca  intensiv xarakter daşıyır. Çünki ardıcıl şəkildə dünyada baş verən qlobal hadisələrin əsas istiqamətləri məhz dünyanın yenidən bölüşdürülməsinə yönəlib və bundan sonra, xüsusilə də Ukrayna savaşından və onun nəticələrindən sonra dünyanın əvvəlki kimi olmayacağını düşünmək qətiyyən əsassız deyil. Son vaxtlar Tramp administrasiyasının yürütdüyü xarici siyasət dünyada mövcud olmuş dəyərlərin, xüsusilə də beynəlxalq hüquq normalarının öz əhəmiyyətini itirməsinə səbəb ola biləcək davranışlardır. Məsələ ondadır ki, Tramp administrasiyası həm ABŞ-Avropa Birliyi strateji tərəfdaşlığının üzərindən xətt çəkir. Eyni zamanda, ABŞ-nin NATO-dan uzaqlaşdırılması istiqamətində ideyaları gündəmə gətirir, həm də ABŞ-nin NATO-dan çıxması ilə bağlı məsələləri müzakirəyə çıxarır. ABŞ-nin, eyni zamanda BMT-dən çıxması məsələsi də hazırda müzakirə olunur. Bütün bunlar dünyanın İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq siyasi-hüquqi sistemin dağılması prosesinin başlanğıcı kimi dəyərləndirilə bilər".

Elçin Xalidbəyli əlavə edib ki, dünya xaosdan yeni düzənə keçid mərhələsindədir və bu prosesdə Türkiyə və Azərbaycan kimi güclər qlobal siyasi səhnədə mühüm rol oynamaq imkanına malikdir.

"Ən əsas məsələ ondan ibarətdir ki, ilk öncə dünyanı  xaosa aparmaq istəyirlər və həmin xaosun üzərindən də yeni dünya düzəninin formalaşdırılmasına cəhd göstəriləcəyi gözlənilir. Artıq dünyada köhnə dostlar, köhnə müttəfiqlər rəqibə çevrilməyə başlayıb, köhnə rəqiblər və yaxud da köhnə düşmənlər də yeni tərəfdaşlara çevrilməyə başlayıb və bütün bunlar olduqca önəmli gəlişmələrdir. Belə anlaşılır ki, artıq yaxın gələcəkdə qurula biləcək yeni dünya düzənində ya birqütblü, ya da çoxqütblü bir sistemin olacağı gözlənilir. Əgər Tramp administrasiyası birqütblü dünya düzəni qurmağa nail olarsa, bu, Amerika Birləşmiş Ştatlarının qlobal hegemonluğu anlamı daşıyacaq. Əgər Tramp administrasiyası bunun öhdəsindən gələ bilməzsə, yəni bu hədəfinə çata bilməzsə, o zaman dünyanın çoxqütblü olacağı qətiyyən şübhə doğurmur. Bu da Türkiyə prezidenti Ərdoğanın dediyi kimi, "dünya beşdən böyükdür" tezisi reallaşmış olacaq. Yəni dünyada BMT-nin beş daimi üzvündən kənar dövlətlər də dünyanın gələcək taleyinin müəyyən edilməsi prosesində iştirakçı rolunu oynamaq şansı qazana bilərlər. Məsələn, Türkiyə kimi artıq qlobal güc mərkəzinə çevrilməkdə olan bir dövlət, həmin o beş dövlətlə rəqabət apara biləcək imkanlara malikdir və belə olduğu təqdirdə də Türkiyənin dünyanın taleyinin müəyyən olunduğu prosesdən kənarda qalması qətiyyən mümkün deyil və hazırda Türkiyə dünyanın aparıcı dövlətləri sırasına çıxmaqdadır. Azərbaycanın da bu prosesdə iştirak etmək imkanı mövcuddur. Çünki Azərbaycan da Cənubi Qafqazın geopolitik iradə mərkəzidir və eyni zamanda Azərbaycan həm Cənubi Qafqaz, həm Xəzəryanı bölgə, həm də Orta Asiyada xüsusi təsir gücünə malik olan dövlətdir. Bu baxımdan da Türkiyənin strateji müttəfiqi olan Azərbaycan qlobal proseslərdə idarəedici aparıcı dövlətlərin sırasına daxil olmaq şanslarına malikdir və yaxın gələcəkdə bu proseslərin nəticəsi bütün aydınlığı ilə görünməyə başlayacaq".

Xatırladaq ki  Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XII Qlobal Bakı Forumu keçirilir. "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunan tədbirdə 400-ə yaxın nüfuzlu siyasətçi, alim, ekspert və Nobel mükafatı laureatı iştirak edir. Forumun qlobal problemlərin həlli üçün səmərəli platforma olduğu vurğulanıb. Müzakirələr çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcəyi, postmünaqişə dövründə bərpa işləri və orta güclərin roluna həsr olunub. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr