AZ

Bu, rüsvayçılıqdır, onlar layiq olduğu cəzanı alacaqlar - Açıqlama

“Son vaxtlarda Avropa ölkələrinin parlamentlərinin, o cümlədən Avropa Parlamentinin öz qəbul etdikləri dəyərlər sistemini necə kobud surətdə pozaraq ayaqlar altına atmasının şahidi olmaqdayıq. Bir yandan qanunun aliliyindən, məhkəmənin işinə qanunsuz müdaxiləni məhkəməyə təzyiq kimi dəyərləndirirlər, digər tərəfdən isə özləri qəbul etdikləri beynəlxalq konvesiyaları və beynəxalq hüququnun təməl prinsiplərinə zidd olaraq başqa ölkənin daxilinə işinə kobudcasına müdaxilə edirlər. Erməni lobbisinin əlində alət olan Avropa Parlamentinin martın 12-də Bakıda  mühakimə olunan erməniəsilli hərbi cinayətkarlarla bağlı müzakirəsi bunun bariz nümunəsidir”.

Bunu SeherXeber.org -a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin insanlığa qarşı hərbi cinayət törədən və bunu da etiraf edən caniləri müdafiə etməsi beynəlxalq hüquqa əksmütanasiblik təşkil etməklə yanaşı, Azərbaycanın daxili işinə, o cümlədən məhkəmənin gedişinə müdaxilədir. “Avropa ölkələrinin və strukturlarının  işğalçılıq, soyqırımı və hərbi cinayət törədənləri müdafiə etməsi rüsvayçılıqdan başqa bir şey deyil. Bu həm də insanlığa sığmayan cinayət əməlləri faktlarla sübut edilən cinayətkar dəstəni açıqca müdafiə etməklə Avropa ölkələrinin ilk növbədə bəyan etdikləri prinsiplərinə  tüpürməsi deməkdir”, - o qeyd edib.

Deputat əlavə edib ki, Avropa ölkə parlamentləri və Avropa Parlamentinin erməni separatçılarının, müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmaq istiqamətindəki hərəkətlərini  təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada separatizmi, işğalçılığı, soyqırımı təşviqi kimi dəyərləndirilməlidir: “Bunu başqa adı yoxdur. Çünki Avropa indiyədək bir dəfə də olsun Ermənistanın Azərbaycana qarşı 30 illik işğalı və bu işğal siyasəti zamanı  dinc azərbaycanlı sakinlərə qarşı insanlığa sığmayan saysız-hesabsız hərbi cinayətlərin, etnik təmizləmələrin, soyqırım siyasətini həyata keçirməsinə səsini çıxarmayıb. Əksinə ermənilərin törətdiyi bu bəşəri cinayətləri görməzlikdən gələrək Ermənistanın işğalçılıq siyasətinə  bəraət qazandırmaq məqsədilə müxtəlif metodlarla Azərbaycana davamlı təzyiqlər ediblər. Bu təzyiqlərə baxmayaraq Azərbaycan öz gücü hesabına beynəlxalq hüquq norma və prinsiplərinə  əsaslanaraq öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə yanaşı, bəşəri cinayət törədən hərbi caniləri ədalət mühakiməsinə cəlb edib. Hazırda həmin canilər ədalət məhkəməsi qarşısında mühakimə olunmaqdadırlar. Bu canilər özləri məhkəmə-istintaqı zamanı ifadələrində öz cinayət əməllərini törətdiklərini, eyni zamanda kimlərdən və hansı mərkəzlərdən tapşırıq aldıqlarını etiraf etməkdədirlər. Azərbaycan  dövləti nəinki bu gün Bakıda ədalət məhkəməsində mühakimə olunan hərbi caniləri, digərlərini də gec-tez ədalət məhkəməsində mühakiməsinə nail olacaq. Onlar layiq olduqları cəzanı alacaqlar və kimsə bu məsələdə Azərbaycana təzyiq edə bilməz. Onsuz da bu cəhdlərin nəticəsi olmayacaq. Onların bu fəaliyyəti “dəyirmanın çax-çax daşına bənzər”. Biz Avropa ölkələrinin və strukturlarının Azərbaycana təzyiq edib öz məqsədlərini həyata keçirmək üçün qaralama kampaniyasını çox görmüşük. Bizdə buna qarşı bir immunitet formalaşıb. Odur ki, heç bir xarici təhdid və müdaxilə bizim qanunun aliliyini qorumaq və ölkəmizə qarşı törədilmiş cinayətlərə görə məsuliyyəti təmin etmək əzmimizə xələl gətirə bilməz. Hər kəs bu reallığı qəbul etməlidir ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və separatizmdən qorumaq üçün suveren hüquqları daxilində hərəkət edib, edir və edəcək də. Xalqımıza, dövlətimizə qarşı cinayətlərdə təqsiri olanlara haqq qazandırmaq üçün göstərilən bütün  bu cəhdlər də nəticədə boşa çıxacaq. Onlar layiq olduğu cəzanı alacaqlar və buna kimsənin şübhəsi olmasın”.

Mürtəza

SeherXeber.org

Seçilən
11
6
seherxeber.org

7Mənbələr