Bakı, TurkicWorld
İtaliyanın Neapol şəhəri yaxınlığındakı vulkanik Campi Flegrei bölgəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, Təbii fəlakət yerli əhali arasında böyük narahatlıq yaradıb, bəzi binalar zədələnib, məktəblərdə dərslər dayandırılıb.
Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, zəlzələ yerli vaxtla saat 01:25-də (Türkiyə vaxtı ilə 03:25) episentri Baqnoli və Pozzuoli olmaqla baş verib. Son illərdə Campi Flegrei bölgəsində qeydə alınan ən güclü təkanlardan biri kimi qiymətləndirilir.
Zəlzələ nəticəsində bəzi avtomobillərin üzərinə dağıntılar düşüb, evlərdə qapıların sıxışması səbəbindən bəzi sakinlər pəncərələrdən çıxmağa məcbur olub. Pozzuoli və Baqnoli də daxil olmaqla, Neapolun bəzi rayonlarında məktəblərin bir günlük bağlanacağı elan edilib.
Yerli hakimiyyət orqanları binalara dəyən ziyanı qiymətləndirmək üçün işlərini davam etdirir. Məlumatlara görə, bəzi kilsələr və ictimai binalar da yüngül zədələnib.
İtaliya Baş Nazirliyi yaydığı açıqlamada, Baş nazir Giorgia Meloninin hadisəni yaxından izlədiyi, Baş nazirin müşaviri Alfredo Mantovano, Mülki Müdafiə Naziri Nello Musumeci və Mülki Müdafiə Prezidenti Fabio Ciciliano ilə daim əlaqədə olduğu bildirilib.
Qeyd edək ki, Campi Flegrei bölgəsi seysmik və vulkanik aktivliyi yüksək olan ərazilərdən biridir. İtaliya hökuməti 2023-cü ildə bölgə üçün kütləvi evakuasiya planlarını yeniləmişdi.