Bakı, 13 mart, AZƏRTAC
“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) keçirilən hərraclar zamanı bir unsiyası (təxminən 31,1 qram) 2950 dollara satılan qızılın qiyməti ilin üçüncü rübündə rekord həddə - 3500 dollaradək bahalaşa bilər.
AZƏRTAC xəbər verir ki, “The Daily Telegraph” qəzeti bu barədə “Macquarie Group” şirkətinin analitiklərinə istinadla məlumat yayıb. Onlar qızılın qiymətinin ABŞ Prezidenti Donald Trampın taarif müharibəsi və Vaşinqtona qarşı cavab tədbirləri fonunda yüksələcəyini proqnozlaşdırırlar. İnvestorlar belə vəziyyətlərdə “təhlükəsiz aktivlərə” investisiya qoymağa üstünlük verirlər. Beləliklə, iyul-sentyabr aylarında qiymətli metalın qiyməti orta hesabla təxminən 3150 dolları ötə bilər.
Qeyd edək ki, martın 4-də Ağ ev Kanada və Meksikadan idxal olunan bütün məhsullara 25 faizlik gömrük rüsumu tətbiq edib, Çindən gələn mallara tarifləri isə 10 faizdən 20 faizə qaldırıb. Kanadanın Baş naziri Castin Trüdo ABŞ-ın Kanadaya qarşı ticarət müharibəsinə başladığını və Ottavanın Vaşinqtona cavab olaraq ABŞ məhsullarına 25 faizlik rüsum tətbiq etdiyini açıqlayıb.