AZ

"Forum Azərbaycanın dialoq və əməkdaşlıq mərkəzi kimi tanınmasına xidmət edir" -

XII Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və qlobal problemlərin müzakirəsi üçün mühüm platforma kimi tanınmasına töhfə verir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir və builki mövzusu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”dir. Tədbirdə 50-dən çox fəaliyyətdə olan və sabiq prezident, baş nazir, Nobel mükafatı laureatları, alimlər və ekspertlər daxil olmaqla, 400-dən çox nüfuzlu şəxs iştirak edir. Millət vəkili Nafiq Həmzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, belə beynəlxalq tədbirlər Azərbaycanın qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir:

“Forumda qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi aktual məsələlər müzakirə olunub, çoxtərəfli diplomatiya və çoxqütblü dünya nizamı kimi mövzulara toxunulub. Prezident İlham Əliyev açılış nitqində Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasətini vurğulayıb, ölkənin müstəqil siyasət yürütməkdəki uğurlarından və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışıb. Forum Azərbaycanın dialoq və əməkdaşlıq mərkəzi kimi tanınmasına xidmət edir”. Millət vəkili əlavə edib ki, Azərbaycanın bu cür tədbirlərə ev sahibliyi etməsi onun qlobal problemlərin həllindəki rolunu artırır: “Prezident İlham Əliyevin Forumdakı çıxışı ölkənin beynəlxalq siyasətindəki əsas prioritetləri və qlobal məsələlərə yanaşmasını əks etdirdi. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası və müstəqilliyinin qorunması istiqamətində əldə etdiyi uğurlara diqqət çəkdi. Eyni zamanda enerji təhlükəsizliyi və dayanıqlı inkişaf sahəsindəki rolunu vurğuladı, ölkənin enerji resurslarının Avropaya çatdırılmasında oynadığı əhəmiyyətli rolu qeyd etdi”. N.Həmzəyev Prezidentin çıxışında Azərbaycanın sülh və təhlükəsizliyin təmin edilməsindəki fəaliyyətinə də toxunduğunu bildirib: “O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi təşəbbüsləri ön plana çəkdi və beynəlxalq dialoq üçün vacib platformalara ev sahibliyi etməsinin əhəmiyyətini vurğuladı. Bu çıxış Azərbaycanın beynəlxalq siyasətindəki əsas istiqamətləri və qlobal məsələlərə yanaşmasını ortaya qoyan mühüm mesaj idi”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
5
metbuat.az

1Mənbələr