AZ

Canluici Donnarumma ÇL-də həftənin oyunçusu seçildi

Fransanın PSJ klubunun italiyalı qapıçısı Canluici Donnarumma UEFA Çempionlar Liqasında (ÇL) həftənin oyunçusu seçilib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

İtaliyalı qolkiper ÇL-in 1/8 final mərhələsinin “Liverpul”a (İngiltərə) qarşı cavab matçının penaltilər seriyasında iki zərbəni dəf edərək, parislilərin 1/4 finala yüksəlməsində pay sahibi olub.

Xatırladaq ki, həftənin oyunçusu adına Harri Keyn (“Bayern”, Almaniya), Marko Asensio (“Aston Villa”, İngiltərə) və Emre Can (“Borussiya”, Almaniya) da namizəd idilər. Amma UEFA-nın rəsmi saytındakı sorğuya qatılmış respondentlər məhz Donnarummanı ən yaxşı seçiblər.

Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 30 oyuna çıxıb, 28 qol buraxıb, 9 oyunda qapısını toxunulmaz saxlayıb.

Canluici Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 144 oyun, 141 buraxılmış qol və 48 “quru” oyundan ibarətdir.

Futbol uğurlarına gəlincə, Donnarumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024), Fransa Kubokunun (2023/2024), Fransa Super Kubokunun (2022/2023, 2023/2024) qalibi olub.

Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığma komandasının heyətində 70 oyun keçirib, 58 qol buraxıb, 29 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı italyan qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
15
arena.az

1Mənbələr