AZ

“Gəlib dedi ki, Nəcməddin Sadıkov göndərən adamam”

Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə Mürsəl Əliyev şahid qismində ifadə verib.

O bildirib ki, "Şahin CO" MMC vergi hesabatlarını təqdim edib. Onun sözlərinə görə, həmin hesabatlar boş hesabatlar olub, buna səbəb şirkətin fəaliyyət göstərməməsi olub.

Mürsəl Əliyev bildirib ki, Zahid Niftəliyevi “Şahin CO” şirkəti ilə bağlı tanıyıb, onunla 3-4 dəfə görüşləri olub. O, Dmitriy adlı şəxsi heç vaxt görməyib və tanımayıb.

Mürsəl Əliyevin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Mürsəl Əliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində “Bakı” jurnalı və “Ata Bank”da mühasib işlədiyini deyib. Qeyd edib ki, “Ata Bank”da mühasib işlədiyi dövrdə “AES kapital” MMC-ni təsis edib. Onun ifadəsinə görə, bu MMC-ni “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev və Müşahidə Şurasının sədri Fərid Hüseynovun göstərişi ilə yaradıb. Onun sözlərinə görə, MMC-nin yaradılmasında məqsəd tikinti işləri ilə məşğul olmaq olub.

Mürsəl Əliyev daha sonra ifadəsində göstərib ki, “Şahin CO” MMC-yə kreditin ayrılması göstərişini keçmiş vergilər naziri Fazil Məmmədov verib, bunu da Silahlı Qüvvələrin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov xahiş edib. Onun ifadəsinə görə, ilk dəfə 10 milyon, daha sonra 13 milyon 660 min, daha sonra isə 7 milyon kredit ayrılıb.

“Zahid yanıma gəlib dedi ki, Nəcməddin Sadıkov göndərən adamam. Mən də şirkəti təsis edib verdim. Bir neçə gün sonra bankdan kredit ayrıldı”, - Mürsəl Əliyev deyib.

Şahid isə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib.

Daha sonra “Ata Bank” Müşahidə Şurasının üzvü İltifat Ağayev ifadə verib. O bildirib ki, 1997-ci ildən “Ata Bank”da işləməyə başlayıb, daha sonra bankın Müşahidə Şurasının formal olaraq üzvü olub. Onun sözlərinə görə, “Şahin CO” MMC-yə kreditin ayrılması barədə müzakirə bankın Müşahidə Şurasında yox, kənarda müzakirə edilib.

İltifat Ağayev qeyd edib ki, böyük məbləğdə kreditin ayrılması ilə bağlı müzakirələrdə iştirak etməyib. Amma sorğu-sual zamanı məlum olub ki, kreditin ayrılması bankın Müşahidə Şurasında müzakirə edilib, İltifat Ağayev də bununla bağlı protokola imza atıb.

Həmin imzalanmış sənədlər şahidə təqdim edilib. Şahid bildirib ki, müzakirələrdə iştirak etməsə də, sonradan ona göstərilən sənədlərə imza etdirilib.

Seçilən
37
7
publika.az

10Mənbələr