AZ

Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir...

"Report" xəbər verir ki, Belçikanın sabiq Baş naziri İv Lötermin moderatorluğu ilə keçirilən “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib.

O, ABŞ-ın ÜST-dən çıxmasını itki olaraq qiymətləndirərək deyib: “Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki, bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir göstərəcək. Məsələn, Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizəyə və digər sahələrə maliyyə yardımının göstərilməməsi qabaqcıl tədbirlərin görülməməsinə səbəb olacaq. Anbarlarda kifayət qədər dərmanların olmaması, çatdırılmanın gecikməsi müalicəni çətinləşdirir. Burada xüsusilə Afrika qitəsini qeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətini dayandırmalı olacağıq”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq münasibətlər sisteminin yeni mərhələdən keçdiyinə diqqət çəkib: “Geosiyasi dəyişikliklər, daha geniş münaqişələr müşahidə olunur. Məhz bu sahədəki böhran çağırışlarının həll variantlarının tapılması olduqca vacibdir. Bir çox təsisatlar təsirli yanaşmalar tətbiq etməyə çalışırlar. Gücün tətbiqindən əl çəkmək, tərəfləri daha çox bir araya gətirmək istəyirlər”.

Nazir bildirib ki, çoxqütblülük qlobal səviyyədə güclərin dəyişməsi, tarazlığın bərpası deməkdir. Dövlətlər ideoloji baxımdan daha sıx işləməyə çalışırlar. İkitərəfli razılaşmalara daha çox üstünlük verilir, nəinki daha böyük razılaşmalara.

Azərbaycan münaqişələrə və çağırışlara baxmayaraq, tərəfdaşlarla əməkdaşlıq edir. Biz bərabərliyi üstün tuturuq. Azərbaycan çoxtərəfli münasibətlərə önəm verir. Bütün beynəlxalq təşkilatlarla əlaqələr qururuq. Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik”, - nazir əlavə edib.

Finlandiyanın sabiq Prezidenti Tarya Halonen çoxqütblü dünyanın hər kəs üçün vacib olduğunu bildirəyək vurğulayıb: “Düşünürəm ki, Təhlükəsizlik Şurasının tərkibi daha çoxşaxəli olmalıdır. Hazırda bütün dünyada gedən dəyişikliklər olduqca mürəkkəbdir”.

İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio isə sülhə nail olmağın yolunun qarşılıqlı məsləhətləşmələr olduğunu deyib. Onun sözlərinə görə, çoxqütblülük mövzusunun müzakirə edilməsi olduqca vacib məsələdir.

“Bir çox məsələlər müzakirə olunur. Ancaq əsas düşündürücü məqam bütün proseslərin başlama səbəbidir. İnsanlar süni intellekt, kosmos və insan irqi barədə narahatdırlar. Çalışmaq lazımdır ki, narahatlıq yaradan problemlərin həll yolları axtarılsın. Bu səbəbdən Qlobal Bakı Forumunun çox əhəmiyyətli platforma olduğunu düşünürəm”, - o əlavə edib.

BMT Baş Assambleyasının 62-ci sessiyasının sədri, Şimali Makedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim beynəlxalq münasibətlərdə dərin böhran və tektonik dəyişikliklərin olduğunu xatırladaraq qeyd edib: “Biz əsas diqqətimizi qeyri-tarazlığın necə aradan qaldırılmasına yönəltməliyik. Yeni dünya düzənində güclərin tarazlığı olacaqmı, yoxsa maraqların? Bu, ən vacib iki məqamdır”.

O, həmçinin bildirib: “BMT yeganə beynəlxalq universal qurumdur. Onun buraxılması faciəvi səhv olardı. Tarixdən dərs çıxarmalıyıq. Belə bir qurumun mövcud olmaması İkinci Dünya müharibəsinə gətirib çıxardı. Artıq uzun müddətdir ki, BMT-də islahatların aparılmasının vaxtı yetişib. Bu sistem daxilində illərdir həmin istiqamətdə çağırışlar var. Biz əsas diqqətimizi məhz bu məsələyə yönəltməli və sadəcə, çoxqütblü dünyaya uyğunlaşmalıyıq.”

Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Musa beynəlxalq münasibətlərdə ünsiyyətin, qarşılıqlı əməkdaşlığın önəmini xatırladaraq vurğulayıb: “Mən səmimi-qəlbdən ümid edirəm ki, hazırda dünyadakı geosiyasi vəziyyəti olduğu kimi görürsünüz. Bu, gələcəyin gündəmidir. Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər birbaşa müharibələrlə əlaqəlidir”.

“Reinventing Bretton Woods” Komitəsinin təsisçisi və icraçı direktoru Mark Uzan son 30 ildə qlobal maliyyə sisteminin bir çox maliyyə böhranı ilə üzləşdiyini bildirərək deyib: “İlk böhran ötən əsrdə başladı. Meksika böhranını xatırlaya bilərsiniz, sonra Kanada maliyyə böhranı gəldi və nəhayət 2008-ci ilin böyük qlobal maliyyə böhranı baş verdi. Bütün bu böhranlar beynəlxalq əməkdaşlıq mexanizmi sayəsində həll edildi”, - deyə o diqqətə çatdırıb.

Renmin Universitetinin Avropa Araşdırmaları Mərkəzinin direktoru Vanq Yivei isə çoxtərəfliliyi dəstəkləməyin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu, təkcə bir proses deyil, həm də əldə olunan nəticələrə əsasən daha çox üstünlük verilməli yanaşmadır.

“Çin də eyni mövqedədir və biz çoxtərəfliliyin tərəfdarıyıq. Çində biz deyirik ki, hər şey xalqa xidmət üçündür”, – deyə o diqqətə çatdırıb.

Vanq Yivei, həmçinin əlavə edib: “Suriyadan Avropaya axın edən qaçqınların sayına baxdıqda, bunun müxtəlif yan təsirlərlə bağlı olduğunu görürük. Biz dünyada bir ailə kimi yaşamalıyıq.”

Panel mövzu ətrafında müzakirələrlə davam edib.

***

“Gülüstan” sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işinə başlayıb.

Bu barədə "Report"un Forumda iştirak edən əməkdaşı xəbər verir.

Tədbir martın 13-15-də keçiriləcək. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunacaq. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradacaq.

Forumda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olunacaq. Sülhə və barışığa töhfə verən ictimai xadimə 2025-ci il “Nizami Gəncəvi” Beynəlxalq Mükafatı təqdim ediləcək.

Bundan əlavə, “Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər” və “Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları keçiriləcək. “COP29:Belem üçün sıçrayış – Transformasiyanın sürətləndirilməsi” və “Avropanın gələcəyi” mövzuları gecə sessiyalarında müzakirə olunacaq.

Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. Xüsusilə, "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə edəcək. Forumun ən diqqətçəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən "Gənclər danışsın, biz dinləyək" paneli olacaq.

Poliqon.info

Seçilən
29
5
poliqon.info

2Mənbələr