Hazırda Bakıda vətəndaşların ən çox üz tutduqları bir neçə xəstəxanada əsaslı təmir işləri davam edir.
Xezerxeber.az xəbər verir ki, qapıdan pəncərəyə, tavandan döşəməyədək hər şey yenilənir, təmir olunur. Görüntülər Respublika Klinik Xəstəxanasındandır.
Tibb müəssisəsinin 6 terapevtik şöbəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Həmin şöbələr Bilgəh qəsəbəsində yerləşən modul tipli xəstəxanaya köçürülüb.
Xəstəxananın baş həkimi Sahib Hüseynov deyir ki, təmirdən sonra burada bütün növ cərrahi əməliyyatların icrası mümkün olacaq.
Tibb müəssisəsinin modul tipli xəstəxanaya köçürülən şöbələrində də pasiyentlərə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan xidmətlər göstərilir. Əgər modul tipli xəstəxanada vətəndaşlara tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmazsa, digər tibb müəssisələrinə göndəriş verilir.
Poliklinikada fəaliyyət göstərən şöbələr Kliniki Tibbi Mərkəzin tabeliyində olan modul tipli xəstəxanaya köçürülüb. Hazırda terapevtik tibbi xidmətlər həmin modul tipli xəstəxanada göstərilir. Xəstəxananın 1-ci korpusunda işlər yekunlaşmaq üzrədir, yay aylarında istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Bakıda əsaslı təmirdə olan iri tibb müəssisələrindən biri də Nərimanov Tibb Mərkəzidir. TƏBİB-dən "Xəzər Xəbər"ə bildirildi ki, xəstəxananın təmirinin 2025-ci ilin payızında yekunlaşdırılması planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.