AZ

Züvücün dağlarında doğuş: Böyüklüyün həyati sərgüzəştləri – FOTO

Azərbaycanın səssiz, lakin əlçatmaz ucalıqlarından boylanan cənub dağlarının sinəsində – Lerikin ucqar bir guşəsində yerləşən Züvüc kəndi var. Elə bir kənd ki, sükutu ilə danışar, dumanı ilə qucaq açar, qayaları min illərin sirrini pıçıldayar hər kəsə. Mən o dağların qoynunda, təbiətin sərtliyinə bələnmiş bir uşaq kimi doğuldum və böyüdüm. O torpağın havası nəfəsimə cəsarət, suyu ruhuma saflıq, dağların ucalığı isə iradəmə möhkəmlik bəxş etdi.
Züvüc mənim üçün sadəcə bir məkan deyil – o, xarakterimin, baxışımın, həyata duruşumun mayasıdır.

Bu gün keçmişdən bu günə boylananda, kəndim mənə təkcə doğulduğum yer kimi yox, gələcəkdə qoynuna atılacağım dünyanın kiçik bir modeli kimi görünür. Bunu illər öncə çox hörmət etdiyim, əziz insan – tanınmış yazıçı-jurnalist Elçin Kamalla bölüşmüşdüm. Bir gün kəndlərimizin ruhu haqqında danışırdıq. O, öz doğma yurdu – Bərdənin Bəcirəvan kəndindən danışır, uşaqlıqda necə ot biçib, odun doğrayıb, yer şumladığını, bunların bir idman növündən daha artıq güc, iradə, təcrübə verdiyini zarafatla və qürurla izah edirdi. Deyirdi ki, tələbəlik illərində şəhər uşaqları ondan hansı idman növü ilə məşğul olduğunu soruşmuşdular.
O isə belə cavab vermişdi: “Odun doğramaq, yer şumlamaq, çəpər hörmək, ot biçmək”.
Amma onlar bu kənd uşağının nə dediyini anlamamışdılar. Bu an o cümlələr mənə bir daha çatdırdı ki, kəndin bizə verdiyi güc və təcrübə, şəhər həyatında tapılacaq ən böyük məşğuliyyətlərdən daha çox dəyərə malikdir.

Bu söhbət anidən yaddaşımı təzələdi “Bəli, kənd bizim üçün irəlidə qoynuna atılacağım dünyanın kiçik bir modelidir”

Züvücün qayalı yollarında, arxların şırıltısı, dağların səssizliyi və kənd insanının səmimiyyəti içində böyüdüm. Uşaqlıq illərində qayalara dırmaşarkən öyrəndim ki, zirvəyə çatmaq üçün bəzən əllərin qanasa da, geri çəkilməməlisən. Hər fırtınada əsən ağaclar mənə dedi: əyil, amma qırılma. Sakit səhərlərdə kəndin səssizliyi içimdə bir pıçıltı ilə danışırdı: “Əsil güc özünü sübut etməkdə deyil, lazım gəldikdə səssiz qalmağı bacarmaqdadır.”

Artıq 38 yaşıma haqladım. Arxaya boylananda sevinirəm ki, o dağlar mənə ucalığı, o insanlar mərdliyi, o torpaq sədaqəti öyrədib. Həyatın enişli-yoxuşlu yollarında bəzən yoruldum, bəzən dayanmaq və geri qayıtmaq istədim, amma fikrimdən daşındım. Çünki o kənd, o dağlar qulağıma illər öncə pıçıldamışdı: “Getmək sadəcə, irəliləmək deyil, ucalmaqdır.

Ətrafıma baxdıqca qürur duyuram. Ata-anamın vaxtilə mənə təlqin etdiyi öyüdlər bu gün də ruhumda yaşayır. Hər dəfə tanıdığım və ya tanımadığım birindən “çox sağ ol” sözünü eşidəndə, elə bilirəm, atamın ruhu sevinir, anamın qəlbi işıqlanır. O sadə təşəkkürlər mənə yalnız bir insan kimi yox, bir nəsil kimi yaşamaq haqqı verir.

Və bu yazını 38 ilimin mənasını ifadə edən bir aforizmlə tamamlayıram: “Ucalıq dağda deyil, dağın içində yaşamağı bacaran ruhdadır”.
Çünki insan haradan gəldiyini unutmadan hara getdiyini anlayanda, həyatın əsl mənasını dərk edir.

Ceyhun ALIŞLI

image-img-20250313-wa0357 image-img-20250313-wa0358 image-img-20250313-wa0359 image-img-20250313-wa0360 image-img-20250313-wa0361

Seçilən
6
dogru.az

1Mənbələr