AZ

Ağıllı saat bazarı ilk dəfə sarsılır, "Apple"ın liderliyi təhlükədədir

10-cu ildönümünü qeyd edən "Apple Watch" artan rəqabət və məhdud yeniliklər səbəbindən geriləməyə başlayıb. Eyni zamanda, ağıllı saat bazarı da ilk dəfə olaraq ciddi azalma ilə üzləşib.

HİT.az xəbər verir ki, analitik şirkəti "Counterpoint Research" 2024-cü ilin dördüncü rübünə dair qlobal ağıllı saat tədarükü hesabatını yayımlayıb. Bu hesabat sənaye üçün dönüş nöqtəsi hesab edilən bir geriləməni ortaya qoyur:

Hesabata əsasən, ağıllı saat tədarükləri ilk dəfə olaraq 7% azalıb. Üstəlik, illik müqayisədə 19%-lik tədarük itkisinə baxmayaraq, "Apple" qlobal bazardakı lider mövqeyini qorumağı bacarıb.

"Apple"ın yaşadığı bu geriləmənin əsas səbəbləri artan rəqabət və zəif cihaz yeniləmə dövrləri ilə əlaqələndirilir. Xüsusilə "Apple Watch"un 10-cu ildönümündə bu enişin baş verməsi daha da diqqətçəkicidir.

Şirkətin bazar payındakı azalmaya təsir edən bir neçə mühüm amil var. İlk növbədə, "Apple Watch Ultra 3" modelinin buraxılmaması və "Apple Watch Series 10"un məhdud yeniliklərlə təqdim edilməsi Şimali Amerika bazarında müştəri itkisinə səbəb olub. Bundan əlavə, "Apple Watch SE" modelinin yenilənməməsi də bu geriləməni dərinləşdirən amillərdən biridir. Digər bir önəmli məqam isə "Apple"ın "Masimo" şirkəti ilə yaşadığı patent mübahisəsi nəticəsində qan oksigeni izləmə funksiyasının ABŞ-da qadağan edilməsi olub. Lakin qısa müddət əvvəl digər bir patent işi ilə bağlı idxal qadağası ləğv edilib.

Hesabatda diqqətçəkən məqamlardan biri də uşaq ağıllı saatlarının "böyüyən yeganə seqment" olmasıdır. Xüsusilə sərfəli qiymət və geniş funksionallıq təklif edən "Imoo" bu kateqoriyada liderliyini qoruyur.

Digər tərəfdən, "Samsung" qlobal tədarük payında illik 3%-lik artım əldə edib. Bu uğur "Galaxy Watch7", "Galaxy Watch Ultra" və "Galaxy Watch FE" modellərinə olan güclü tələbatla dəstəklənib. Bundan əlavə, Cənubi Koreya texnologiya nəhəngi "Galaxy Watch7" üçün "Google" ilə birlikdə uşaq dostu bir istifadəçi təcrübəsi başladıb.

Bölgələr üzrə performansa baxıldıqda, Çinin qlobal tədarükdə ən yüksək bazar payına sahib olduğu və Şimali Amerika ilə Hindistanı geridə qoyduğu görünür. Çin bazarında isə "Huawei", "Xiaomi" və "BBK" ("Imoo") lider mövqedədir.

Nəhayət, qlobal ağıllı saat bazarının 2025-ci ildə tədricən bərpa olunması və tək rəqəmli böyümə göstəricilərinə çatması gözlənilir. Yeni izləmə və ölçmə sensorlarının cihazlara əlavə edilməsi həm "Android", həm də "iOS" ağıllı saatlarının daha ətraflı sağlamlıq məlumatları təqdim etməsinə imkan verəcək ki, bu da istifadəçilərin cihazlarını yeniləmə meylini artıra bilər.

Samir

Seçilən
15
hit.az

1Mənbələr