AZ

“Lion”un baş məşqçisinə sərt cəza verildi - Fonseka “şirlər”in “sükanı arxasına” yanvarda keçmişdi...

“Lion”un baş məşqçisi Paulu Fonseka komandasının martın 2-də “Brest”ə qalib gəldiyi (2:1) ev oyununda referi Benua Miyoya fiziki təzyiq göstərdiyinə görə 9 aylıq cəza alıb. Təxminən bir ay əvvəl “sükan arxasına” keçən portuqaliyalı mütəxəssis növbəti mövsümə qədər “şirlər”ə rəhbərlik edə bilməcəyək.

Fonseka lap sonda coşub: onda VAR “Lion”un cərimə meydançasında baş verən epizoda görə penalti təyin olunmasının mümkünlüyünü gözdən keçirirdi. Portuqaliyalının hesabda 2:1 öndə olan komandası uzatma dəqiqələrində qələbəni əldən verə bilərdi. Paulu qaçış cığırından hakimə çılğınca qışqırmağa başladı: baş məşqçiyə qırmızı vərəqə göstərmək üçün yaxınlaşan Miyo adekvat olmayan reaksiya ilə üzləşdi. Qışqırmağa davam edən Fonseka hakimə o dərəcədə yaxınlaşdı ki, faktiki başla zərbə vurdu.

Baş məşqçini hakimdən öz oyunçuları uzaqlaşdırdı, ardından o qovuldu və tribunaaltı yerə yollandı. Yalnız bundan sonra Miyo epizodla bağlı qərarını açıqladı. Penalti təyin olunmadı və Fonsekanın komandası meydandan qələbə ilə ayrıldı. Düzdü, oyundan dərhal sonra aydın idi ki, portuqaliyalı sərt cəzadan qaça bilməyəcək.

Referi oyundan sonra “L'Equipe” nəşrinə açıqlamasında olayı belə anlatdı:

“Vəziyyət nəzarətdən çıxmaqda idi. O, özünü daha aqressiv aparmağa başladı, başla zərbə vurmağa çalışdı. Belə davranış gözləmədiyimə görə yerimdə dayandım, həm də onun qorxutmaq cəhdinə baş əymək istəmirdim. Hətta son qərarımı – “Brest”in xeyrinə penalti təyin etməməyimi də futbolçulara çatdıra bilmədim. Aramızda burunların toxunduğu yüngül təmas oldu. Mənim üçün şok anı idi, axı belə davranış peşəkar məşqçi üçün qətiyyən yolverilməzdi. Özümə nəzarəti əldən verməməyə çalışdım, heykəl kimi dayandım. Belə hərəkəti cəzasız qoymaq olmaz”.

Fonseka oyundan sonra üzr istəsə də, bu addım cəzadan qurtulmaq üçün kifayət etməyib:

“Hər şeydən əvvəl davranışıma görə referi Benua Miyoya və onun briqadasına ən səmimi üzrxahlığımı çatdırıram. Bütün məsuliyyəti boynuma götürürəm, bəraət sözləri düşünmək niyyətində deyiləm. Sizi əmin edirəm ki, cənab Miyo ilə danışığımdakı aqressiv tona baxmayaraq, narazılığımı bildirməkdən başqa heç bir fikrim yox idi”.

Beləliklə, Fransa Futbol Federasiyası portuqaliyalıya 9 aylıq cəza kəsdi ki, bunu onun üçün faciə saymaq olar. Axı cəmi bir ay əvvəl – yanvarın 31-də bu komandada çalışmağa başlamışdı. “Lion” onun rəhbərliyi altında keçirdiyi 5 çempionat oyununun üçündə qalib gəlib, ikisində uduzub. İntizam Komitəsinin açıqlamasında deyilir ki, Fonsekanın cəza müddəti noyabrın 30-da bitəcək. O nəinki ehtiyat oyunçular skamyasında, paltardəyişmə otaqlarında, tribunaaltı ərazidə də ola bilməz. Yalnız sentyabrın 15-də cəza bir qədər yüngülləşək – mütəxəssis həmin gündən komandasının paltardəyişmə otağına daxil ola biləcək.

Fransa mediasının yazdığına görə, Fonseka arzuolunmaz psixoloji durumu üzündən referi ilə belə aqressiv davranıb. Onun həyat yoldaşı ukraynalıdı. “RMC Sport”un yazısına inansaq, mütəxəssis ABŞ prezidenti Donald Trampın son siyasi qərarları üzündən ruhdan düşüb:

“Ailə məsələləri və indiki geosiyası durum Fonsekanın ciddi stress yaşamasına səbəb olub. O, oyundan əvvəl hədsiz tutqun görünüb”.

Amma baş məşqçinin psixoloji problem yaşaması ilə bağlı versiyanı şübhə altına salan faktlar var. Portuqaliyalı hələ “Roma”da çalışarkən (2019-un yayından 2021-in yayına qədər) iki arzuolunmaz hadisənin mərkəzində dayanıb. 2019-cu ilin oktyabrında A seriyasının “Kalyari” ilə oyununda (1:1) hakimi təhqir etdiyinə görə 2 oyunluq cəzalanıb – final fitindən sonra meydana qaçaraq referiyə qışqırmağa başlayıb. Referi ona əvvəlcə sarı, ardından qırmızı vərəqə göstərib.

2020-ci ilin dekabrında isə “Sassuolo” ilə oyunun (0:0) hakiminə münasibətdə aqressiv davranışa görə 1 oyunluq cəza alıb və 10 min avro cərimələnib. Həmin oyundan sonra keçirilən mətbuat konfransında heç üzr də istəməyib, əksinə, idarəçilikdən narazı olduğunu deyib.

Xatırladaq ki, portuqaliyalı mütəxəssis ötən ilin dekabrına qədər “Milan”ı çalışdırıb. Bu klubun “sükanı arxasındakı” fəaliyyəti də uğurlu olmayıb: “rossonyerlər” bütün turnirlər çərçivəsində keçirdiyi 24 oyunun yalnız 12-də qələbə qazanıb.

"Football-plus.az"
Seçilən
8
football-plus.az

1Mənbələr