Ole-Qunnar Sulşer ilə yüksəlişə keçən, son 6 rəsmi oyunun hamısında qalib gələn və mövsümü 3-cü pillədə bitirməyi hədəfləyən “Beşiktaş”digər tərəfdən yeni mövsümün planlarını cızır.
Bilindiyi kimi, “ağ-qaralar”da bugünlərdə baş skaut vəzifəsinə almaniyalı Eduard Qraf təyin olundu. 35 yaşlı futbol adamı artıq fəaliyyətə başlayaraq rəhbərliyə ilk futbolçu təklifini irəli sürüb. Söhbət “Volfsburq”lu Tomas Vinddən gedir. Qrafın fikrincə, Çiro İmmobilenin əvəzinə Vind komandaya daha çox uyğun gəlir. Danimarka yığmasının 26 yaşlı forvardı bu mövsüm 26 rəsmi oyunda 10 qol, 4 məhsuldar ötürməlik performans sərgiləyib. Son aylarda məhsuldarlığı xeyli aşağı düşən İmmobile ilə rəhbərlik onsuz da mövsümün sonunda yolları ayırmağı planlaşdırırdı.
Bundan başqa, qapıçı Ərsin Destanoğlu da klubdakı durumundan narazıdı. Bu mövsüm cəmi 6 rəsmi oyunda forma geyən və 8 qol buraxan 24 yaşlı qapıçı menecerinə yeni klub tapmaq göstərişi verib. “Beşiktaş”ın 2020/21-də qazandığı son çempionluqda mühüm rol oynayan, amma son dönəmlərdə Mərt Günokun əvəzləyicisi statusu ilə barışmalı olan Destanoğlu karyerasını Avropada davam etdirmək istəyir. Semih Kılıçsoyun da yayda Avropaya yollanmaq ehtimalı var. Ona İngiltərə klubları maraq göstərir. Amma rəhbərlik istedadlı forvardı 20 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil.
Bu arada ən mühüm xəbər Jedson Fernandeş ilə bağlıdı. Klubdan rəsmi açıqlama verilməsə də, Türkiyə mətbuatının yazdığına görə, portuqaliyalı ulduzun müqaviləsi yenilənib. Onun 2027-də bitməli olan müqaviləsinin müddəti 2030-a qədər uzadılıb. Maaşı isə 1,7 milyon avrodan 2,5 milyon avroya yüksəldilib. 26 yaşlı futbolçu maaşından kəskin dərəcədə narazı idi. Çünki Rafa Silva və İmmobile kimi digər aparıcı futbolçular ilə 6 milyon avro qazandığı halda, Fernandeş yalnız 1,7 milyon avro qazanırdı. İndi qalır yalnız “Benfika” ilə anlaşmaq. Çünki bu futbolçunun haqlarının 50 faizi məhz Lissabon nəhənginə məxsusdu. “Beşiktaş” 2022-də 6 milyon avro ödəyərək Fernandeşin haqlarının 50 faizinə sahib çıxmışdı. Bu yarıbayarı məsələsi üzündən “ağ-qaralar” uzun müddətdi bu oyunçunu satmaq istəmir. Bu qış “Spartak” hətta Fernandeşə görə 25 milyon avroluq təklif irəli sürmüşdü. Amma məbləğin yarısı “Benfika”ya çatmalı olduğundan “Beşiktaş” onu satmaqdan imtina etdi.
Fernandeşin müqaviləsinin yenilənməsinin daha bir səbəbi var. “Benfika” ilə olan anlaşmaya əsasən bu futbolçu “Qartal”da 5 mövsüm çıxış edəcəyi təqdirdə 50 faizlik pay qüvvədən düşəcək. Yəni 2027-dən etibarən “Beşiktaş” Fernandeşin haqlarının 100 faizinə sahib olacaq.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta