
Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Kreml lideri Vladimir Putinin sözləri Ukraynada atəşkəsə maraq göstərmədiyini sübuta yetirir.
Reyting.az xəbər verir ki, o, bunu martın 13-də axşam müraciətində deyib.
Zelenski bildirib ki, Putin ABŞ-nın atəşkəs təklifindən faktiki olaraq imtinaya hazırlaşır.
O vurğulayıb ki, mümkün atəşkəsi gecikdirən Rusiyadır.
"İndi ona (Putinə - red.) təzyiq etmək lazımdır. Buna kömək edəcək sanksiyalar tətbiq etməliyik. Biz amerikalı, avropalı tərəfdaşlarımızla, dünyada sülh istəyən hər kəslə işləməyə davam edəcəyik ki, Rusiyanı müharibəni bitirməyə məcbur edək", - Zelenski deyib.
Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanında keçirilən görüşdən sonra Ukrayna Rusiyanın da eyni addımı atacağı təqdirdə dərhal 30 günlük atəşkəsə razılaşıb.
Kreml lideri Vladimir Putin martın 13-də deyib ki, o, ABŞ-nın döyüşlərə son qoymaq təklifi ilə “razılaşır”, lakin bu, “uzunmüddətli sülhə gətirib çıxarmalıdır”.
ABŞ prezidenti Donald Tramp isə “Putin çox ümidverici bəyanatla çıxış edir, lakin bu, tam deyil”, - cavabını verib.
E. KAMAL