AZ

Dostlarımızın sırasına Şimali Makedoniya da qoşuldu

“Mən qarşımda xarici işlər nazirini görürəm, biz dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq.”

Bu sözləri Azərbaycan və Şimali Makedoniya prezidentlərinin mətbuata bəyanatı zamanı Qordana Silyanovska-Davkova deyib. Makedoniya Prezidenti ardınca bildirib: "Zənnimcə, bu, nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyət deyil və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Ümid edirəm ki, biz Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik".

Qeyd edək ki, Makedoniya dünyanın ən qədim ölkələrindən biridir. Bizim eradan və ondan sonrakı yüzilliklərdə burada dünyada tanınmış simalar yetişmişlər. Onların arasında bacarıqlı sərkərdələr, görkəmli  tarixçilər, filosoflar, riyaziyyatçılar, fiziklər, coğrafiyaşünaslar, təbabətçilər vardı.

Qədim dünya tarixində yer almış fateh Makedoniyalı İskəndərin hərbi yürüşləri barədə dahi şairimiz Nizami Gəncəvi məşhur  “İskəndərnamə” poemasını böyük şövqlə qələmə almışdır. Düzdür, Makedoniyalı İskəndərin Azərbaycana gəlməsi, Bərdədə olması barədə tarixi faktlar hələ tapılmayıb. Yəni, “İskəndərnamə” bədii əsərdir, şairin təxəyyülünün məhsuludur. Lakin dahi şair böyük sərkərdəni ağıllı dövlət xadimi kimi təqdim edir.

Bu ölkənin keşməkeşli tarixi var. Şimali Makedoniya Respublikası Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-şərqdə Serbiya, şimal-qərbdə Kosovo, qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopyenin ümumi sahəsi 25,713 kvadrat kilometrdir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olmuşdur. Makedonlar Roma və Bizans imperiyalarının tərkibində mövcud olmuşdur.  8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etmiş və BMT sıralarına qəbul edilmişdir. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası  adlandırılmışdır.

Türklər makedoniyalılara daim hörmətlə yanaşmışlar. Buna dair saysız-hesabsız faktlar da gətirə bilərik. İki xalqın qarşılıqlı müsbət münasibətləri həmişə davam etmişdir.

27 iyun 1992-ci ildə ölkənin paytaxtı Skopye şəhərində Avni Engüllünün başçılığı altında keçirilən ikinci fövqəladə qurultayda Türk Demokrat Partiyası (TDP) yaradılıb. Yarandığı dövrdən bu yana TDP Şimali Makedoniyadakı türklərin maraqlarını qoyurur və bir çox uğurlar əldə edib. Ölkədəki türklərin inamını qazanmaqla partiya bu icmanın səsinə çevrilib. Bundan başqa, Şimali Makedoniyada türk dilində qəzet və jurnallar nəşr olunur, türk teatrı fəaliyyət göstərir. Burada, həmçinin türkcə radio və televiziya yayım kanalları da var. Türk dili və ədəbiyyatı şöbəsi  ali təhsil müəssisələrinin filologiya fakültəsində tədris olunur. Türklərin üstünlük təşkil etdiyi ərazilərdə onlar öz ana dillərində ibtidai və orta təhsil ala bilərlər. 

Türklər ölkə əhalisinin 4 faizini təşkil edir. Türklər sayca burada daha çox yaşayan etnik qrupların üçüncüsüdür. Bu baxımdan seçkilərdə türklərin səsləri əhəmiyyətli dərəcədə vacib sayılır. Üstəlik, türk mənşəli bir sıra siyasi xadimlər də Şimali Makedoniyanın dövlət və siyasi qurumlarında yüksək vəzifələr tuturlar. Türk Demokrat Partiyasından olan Furkan Çako Şimali Makedoniya hökumətində portfelsiz nazir vəzifəsini icra edir. Parlamentdə türkləri TDP lideri Kənan Hasip və Enes İbrahim təmsil edir. Bundan əlavə, etnik türk olan Saleh Murat  Şimali Makedoniya Respublikası Konstitusiya Məhkəməsinin üzvüdür. Bu isə türklərə göstərilən etimad və xoş münasibətdən xəbər verir.

Məmnunluqla qeyd etməliyik ki, Azərbaycan və Şimali Makedoniya prezidentlərinin imzaladıqları sənədlərdən sonra azərbaycanlılar dost ölkəyə maraq göstərəcək, səfərlər edəcək, turist səyahətlərinə gedəcəklər. Biz Şimali Makedoniyanın zəngin mədəniyyəti, tarixi, incəsənəti və elm sahəsi ilə yaxından tanış olacaq, bilgilərimizi daha da artıracağıq. Bununla bərabər, dünya çapında dostlarımızın sırası daha da genişlənəcəkdir.

Vəli İlyasov, “İki sahil”

Seçilən
17
ikisahil.az

1Mənbələr