AZ

Güvənmədiyin, sevmədiyin şirkəti PR etmək...

Vüqar Baba
        “Viva” Kommunikasiya Agentliyinin rəhbəri, Marketinq və PR mütəxəssisi

“Keyfiyyətsiz məhsulun PR-nı aparmaq PR-çının karyerasına mənfi təsir edir” deyə bir yanaşma var. Gəlin, bu yanaşmanın nə dərəcədə doğru olub-olmadığına baxaq.

Keyfiyyət anlayışı bir çox hallarda nisbidir. Gözlənti və reallıq arasındakı fərq çox olarsa, problem yarana bilər. Hər keyfiyyətdə məhsulun öz hədəf auditoriyası var. Eləcə də öz auditoriyası ilə peşəkar ünsiyyət qurmağa çalışan brendlərin PR nümayəndələri olur. PR-çı sadəcə təmsil etdiyi marka, məhsul haqqında yalan məlumat verməməlidir. Kommunikasiya mütəxəssisi üçün əsas məsələ doğru məlumat əsasında hədəf auditoriyaları ilə ünsiyyət qurmaqdır. Məhsulun bütün detalları, o cümlədən keyfiyyəti barədə səmimi informasiya yayaraq insanların gözləntilərini məhsula adekvat hala gətirmək lazımdır. Keyfiyyətlə bağlı istehlakçıda yaranan sualları cavablamaq, anlaşılmazlıqlar, problemlər yaranarsa, onların aidiyyatı şöbələrə çatıdırlması və cavabların müştəriyə ötürülməsini təşkil edərək məhsulla bağlı real imic yaratmaq lazımdır.

Karyera baxımından isə belə məhsullarla onun müştəriləri arasında düzgün kommunikasiya qura bilən PR-çının karyerasına müsbət, bunu bacara bilməyənlərin karyerasına isə pis təsir edəcək sadəcə.

Bənzər suallardan biri isə PR-çının özünün güvənmədiyi, sevmədiyi şirkəti, brendi PR etməsi ilə bağlıdır. Bu mümkündürmü, doğrudurmu?

Bu həm peşəkarlıq, həmçinin etik prinsiplərlə bağlıdır. Peşəkarlıq baxımından PR-çı üçün çox çətin vəziyyət yaranır. Müəyyən xidmət və məshullarla bağlı işinin effektivliyi daha aşağı ola bilər. Digər tərəfdən isə, əgər PR mütəxəssis təmsil etdiyi qurumun insanlara zərər verə biləcək məhsullar, təhlükə yarada biləcək xidmətlər təklif etdiyini bilərək orada çalışırsa, özünə xəyanət etmiş olur. Bu hal yalnız kommunikasiya mütəxəssislərinə yox, digər əməkdaşlara da aiddir. Nəticədə həmin şirkətdə işləyən hər kəs zərərli məhsulun istehsalında, satışında hansısa formada rol oynayır.

Bəzən isə, kommunikasiya eksperti prinsip olaraq öz əqidəsinə zidd məhsullar, xidmətlər təklif edən şirkətlərdə işləməkdən imtina edir. Bu onun kommersiya maraqlarından öz xoşu ilə öz dəyərləri naminə imtina etməsi olaraq qiymətləndirilir və adətən PR-çıya müsbət imic qazandırır. 

Seçilən
6
valyuta.az

1Mənbələr