Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ klubu “İnter Mayami”də növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, Mayami təmsilçisi CONCACAF Çempionlar Kubokunun 1/8 mərhələsində Yamaykanın “Kavaler” komandası ilə cavab oyununda üz-üzə gəlib.
“İnter Mayami” rəqibini ilk oyunda olduğu kimi, yenə 2:0 hesabı ilə məğlub edib. Messi “vağlar”ın qələbəsinə vuduğu qolla töhfəsini verib. O, 53-cü dəqiqədə meydana çıxıb, 90+2-ci dəqiqədə isə matçın yekun nəticəsini müəyyənləşdirib. Mayami təmsilçisinin digər qolunu Luis Suares vurub.
“İnter Mayami” 1/4 finalda Amerika Birləşmiş Ştatlarının bu turnirdəki digər təmsilçisi “Los Anceles”lə üz-üzə gələcək. İlk oyun “Los Anceles”in meydanında baş tutacaq. Oyunlar apreldə keçiriləcək. Dəqiq tarixlər daha sonra açıqlanacaq.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 4 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 43 oyun, 37 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.