Məktəb mediasiyasının tətbiqi ilə bağlı 3 günlük təlimlər yekunlaşıb.
AzEdu.az xəbər verir ki, təlimlər “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra etdiyi “Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsi çərçivəsində reallaşdırılıb. Təlimin ilk günündə məktəb psixoloqları münaqişəli stuasiyanın tərəflərinə yanaşma, qarşılıqlı hörmət, emosiyaların idarə edilməsi, empati qurma bacarıqları ilə bağlı məlumatlandırılıb.
Təlimin ikinci günündə layihə çərçivəsində əməkdaşlıq edilən Bakı 15 saylı Mediasiya Təşkilatının mediatorları iştirakçılara mediasiyanın əsas prinsipləri, münaqişələrin çözülməsi üçün tələb olunan bacarıqlar, neytral yanaşma sərgiləmə, münaqişə tərəflərinə ünvanlanacaq sualların seçilməsi, onlar üçün ortaq nöqtələrin tapılması ilə bağlı məlumat verib.
Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyev, mediatorlar Şakir Səfərbəyov, Aynur Hüseyn, Nəsimi Mirzəyev və Narvin Mahmudova məktəb psixoloqları və uşaq birliyi rəhbərlərinin suallarını cavablandırıb.
Qeyd edək ki, növbəti mərhələdə təlim alan məktəb psixoloqları və uşaq birliyi rəhbərləri tərəfindən pilot siniflərdə mediator şagirdlər seçilərək psixoloq və mediasiya təliminə cəlb olunacaq. Sonuncu mərhələdə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 113, 156 və 224 nömrəli, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhəri 6, 11 nömrəli, Sumqayıt şəhəri 3 nömrəli, 7 nömrəli və 14 nömrəli, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon 117 nömrəli, Laçın rayonu 1 nömrəli, 45 nömrəli, Qubadlı rayonu 1 nömrəli və Cəbrayıl rayon Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbi və Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli rayonu 47 nömrəli, Ağdam rayonu 32 nömrəli tam orta məktəbdə “Həmyaşıd vasitəçiliyi”nin tətbiqinə başlanılacaq.