Bu gün "Dünya Düzəninin Yenidən Düşünülməsi: Çağırışların Fürsətə Çevrilməsi" adlı keçirilən XII Qlobal Forumda Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, 2009-2015-ci illər ərzində Baş Nazirinin müavini olan Bülənt Arınç çıxış edib. SİA xəbər verir ki, Bülənt Arınçın sözlərinə görə, ikinci soyuq müharibədən sonra, bəlkə də bu gün əsl müharibənin içindəyik: "Mənim Ukrayna ilə bir çox əlaqələrim olub. Hətta Rusiyanın Ukraynaya hücumu zamanı belə mən orada olmuşdum. Digər tərəfdən isə qeyd etmək istəyirəm ki, Fələstində və Qəzzada olan hadisələr məni çox kədərləndirir. Bununla yanaşı Rusiya və Ukrayna arasında olan savaşı da nəzərdə tuturam.
Həmçinin nəzərə çatdırmaq istəyirəm ki, Prezident İlham Əliyev bu forumda Ermənistanla olan əlaqələrində narahatlıq bildirilən ifadələr işlətdi ki, Fransa Ermənistanın tərəfini tutmağa davam etdiyi müddətdə, müharibə də davam edəcək".
Bülənt Arınç xüsusilə qeyd etdi ki, dünya belə bir yaşayışa layiq deyil: "BMT bu kimi problemləri dayandıra biləcək gücə malik əhəmiyyətli bir təşkilatdır. Xüsusilə "veto" deyə bilmək haqqı olan ölkələr, onu istədikləri kimi istifadə edirlər. İstədikləri zaman digər ölkələrə rahatlıqla "veto" qoya bilirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edir ki, dünya 5 ölkədən ibarət deyil. Dünyada 192 ölkə var. "Veto" deyə bilən ölkələr bu ifadəni istədikləri kimi deməyi düzgün deyil".