AZ

“Ermənistan razılığını rəsmi sənədlərlə təsdiq etməlidir” - RƏY

“Hələ ki masada rəsmi sənəd yoxdur. Bu, Ermənistanın növbəti şifahi sözüdür və bunların dedikləri sözə əməl etməmələri, etibarsızlıqları tarixən məlumdur. Ermənistana etibar etmək çətin məsələdir. O vaxt etibar edə bilərik ki, hər iki tərəfin imzası ilə rəsmi sənəd ortada olsun. Digər tərəfdən Azərbaycana qarşı ərazi iddialarından əl çəkilməsi, Konstitusiya dəyişikliyi, 30 il ərzində Azərbaycan dövlətinə, xalqına qarşı hərbi insani cinayətlər törətmiş Köçəryan, Sarkisyan, Balasanyan kimilərin rəsmi Bakının tələbi ilə Azərbaycana təhvil verilmələri - təbii ki, bütün bunlar sülh sazişində əksini tapmalıdır. Ermənistan doğrudan da sülh sazişi imzalamağa hazırdırsa, bəs niyə dayanmadan sürətlə silahlanmanı davam etdirir? Daha müasir, bahalı, hücum xarakterli müasir silahlar almaqla, regiona aid olmayan üçüncü, dördüncü dövlətlərin təlimçiləri tərəfindən ordusunu döyüşə hazırlmaqla məşğuldur. Burada artıq şübhəli məqamlar yaranır, tarixi xəyanətkarlıqları, etibarsızlıqları yada düşür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Elman

Deputat hesab edir ki, Ermənistan Azərbaycanın tələblərini qəbul edirsə, hərəkətlərindən əl çəkməlidir: ““Avropa mülki missiyası” adında cinayətkar, casus qrupu vaxtaşırı sərhədlərimizdə oyun çıxarır. Bunların əl-ayağı yığışdırılmalı, bədnam ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. Bir sözlə, Ermənistan razılığını rəsmi sənədlərlə təsdiq etməlidir. Hamımız regionda dayanıqlı sülh arzusundayıq. İstəyirik ki, bir daha müharibə, dağıntı olmasın. Ermənistanı da buna dəvət edirik. Təbii ki, İrəvan düz yola gəlsə, işğalçılıq niyyətindən əl çəksə...”

 

Aytəkin Qardaşova

Tarix: 14 Mart 2025, 12:06   
Seçilən
24
pravda.az

1Mənbələr