AZ

Xocalı sakini: Hər bir insan üçün doğma Vətəni, doğulduğu yer daha əzizdir

Ağdam, 14 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Hər bir insan üçün doğma Vətəni, doğulduğu yer daha əzizdir, şirindir. Odur ki, köçkünlük illərində daim uşaqlığımın keçdiyi yerləri xatırlayır, doğma yurdumu yenidən görməyi, havasını udub, suyunu içməyi arzu edirdim. Şükürlər olsun ki, Prezidentimizin, Ordumuzun sayəsində bu arzum gerçəkləşdi.

Bu sözləri Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Coşğun Əhmədov deyib.

“Atalarımız “Qürbət görməyən adam Vətən qədri bilməz” – demişlər. Biz qarabağlılar Vətənimizdən didərgin düşüb atalarımızın bu sözünü, yaşamış, anlamışıq. Allah bizi bir daha Vətənimizdən ayrı salmasın”, - deyə Xocalı sakini bildirib.

Qeyd edək ki, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Böyük Qayıdış proqramı çərçivəsində martın 14-də Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 24 ailə - 98 nəfər köçürülür.

 

Seçilən
10
azertag.az

1Mənbələr