"Əgər biz Qida Təhlükəsizliyi Agentliyinin saytına baxsaq, ölkədə zəhərlənmələrin sayı Ümumdünya Səhiyyə Təşkilatının göstərdiyi statistikadan 1400 dəfə az göstərilir. Çünki Azərbaycanda zəhərlənmələr çox azdır. Yəni, əslində, zəhərlənmələr çoxdur, bunun səbəbləri isə qanunvericilikdədir. Azərbaycanda istehlakçıların və onların hüquqlarını qoruyan qanunlar çox zəifdir. Qanun 1995-ci ildə qəbul edilib və o vaxtdan bəri dəyişdirilməyib."
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu News365.az-a açıqlamasında deyib.
"3 mart 2025-ci ildə Milli Məclisdə Ombudsmanın insan hüquqlarına dair hesabatı dinlənilərkən, 101 səhifəlik materialda bir dəfə də olsun istehlakçı hüquqları haqqında danışılmamışdı. Mən buna etiraz etdim və qeyd etdim ki, istehlakçı hüquqları dünyanın hər bir ölkəsində, o cümlədən Azərbaycanda ən çox pozulan insan hüquqlarından biridir.
Niyə? Çünki bu hüquqlar Ombudsmanın hesabatında belə yer almır. Mən bunu ciddi tənqid etdim. Bütün bunlar – qanunvericiliyin zəif olması, Qida Təhlükəsizliyi Agentliyinin effektiv işləməməsi, əl-qolunun bağlı olması, istədiyi vaxt yoxlamalar keçirmək imkanının olmaması – elə bir vəziyyətə gətirib çıxarır ki, bu cür zəhərlənmələr davam edir.
Biz hər ay bunun şahidi oluruq. Tutaq ki, ilin əvvəlində, cəmi 10 gün ərzində 18 nəfər zəhərlənərək ölüb. Yəni, bu, çox geniş yayılmış problemdir. O cümlədən qida zəhərlənməsi Azərbaycanda ciddi problemdir.
Buna misal olaraq pambıqçılıq sahəsini göstərmək olar. Pambıq qida məhsulu deyil, təəssüf ki, insanlar onu qəbul edirlər. Yəqin ki, hazırlanma şəraitində antisanitariya olub, müxtəlif bakteriyalar və çirklənmə olub. Qida Təhlükəsizliyi Agentliyi isə effektiv işləməyib. Bu halların qarşısı alınmalıdır.