Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə (FHN) yeni avtomobil və avadanlıqlar alınıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Bununla əlaqədar FHN-in Mülki müdafiə alayında keçirilən təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev iştirak edib.
FHN-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə alınan 2024-cü il istehsalı olan 5 ədəd "Hyundai" markalı, 12 ədəd VAZ markalı və 6 ədəd JAC markalı müasir avtomobillər haqqında məlumat verilərək bildirilib ki, müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal sistemlə təsis olunub. Bu avtomobillər yüksək manevr imkanları və müasir təchizatı ilə xidmətin operativ təşkilinə hərtərəfli şərait yaradacaq. Yeni avadanlıqlar fövqəladə hallar zamanı vətəndaşların təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunmasına töhfə verəcək.
Həmçinin təbii fəlakətlər və digər fövqəladə hallar zamanı əhalinin təhlükəsiz şəraitdə yerləşdirilməsini təmin etmək məqsədilə 500 ədəd 5 nəfərlik çadır, eləcə də 2000 ədəd çarpayı, 1600 ədəd oturacaq, 400 ədəd masa, hər birindən 2000 ədəd olmaqla adyal, yastıq və dolabça da alınıb.
Son illərdə ölkəmizdə fövqəladə hallar orqanlarının fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi, fövqəladə halların qarşısının alınması, nəticələrinin minimuma endirilməsi və operativ müdaxilənin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır.
Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bu gün muxtar respublikada da əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində məqsədyönlü tədbirlər reallaşdırılır, mütəmadi olaraq FHN yeni xidməti avtomobillərlə və texniki vasitələrlə təmin olunur, maddi-texniki bazası gücləndirilir.
"Cebheinfo.az"