Mərkəzi Nəbatat Bağı 2023-cü ili 77,4 min manat mənfəət ilə tamamlayıb. Bu, əvvəlki ilin 720,5 min manat zərərli nəticəsindən sonra müsbət bir dönüşü göstərir.
Valyuta.az xəbər verir ki, 2023-cü il ərzində qurumun əməliyyat gəlirləri 247,4 min manat və ya 15,8% azalarak 1 milyon 314 min manat olub. Bu göstərici 2022-ci ildə 1 milyon 561 min manat idi.
Ötən ilin yanvarın 1-nə olan göstəricilərə görə, Nəbatat Bağının aktivləri 1 milyon 677 min manat olub ki, bu da illik müqayisədə 9 milyon 590 min manat və ya 6,7 dəfə azalma göstərir. Öhdəliklər isə 9 milyon 673 min manat azalarak 333 min manata enib. Balans kapitalı isə 78 min manat (6,2%) artaraq 1 milyon 344 min manata çatıb.
Eyni dövr ərzində Mərkəzi Nəbatat Bağı material ehtiyatlarına 19,4 min manat, işçi heyəti üzrə xərclərə 882,5 min manat, amortizasiya xərclərinə 37,7 min manat və digər əməliyyat xərclərinə 297,6 min manat sərf edib.
İllik müqayisədə material ehtiyatlarının xərci 173,8 min manat və ya 10 dəfə, işçi heyəti ilə bağlı xərclər 279,5 min manat və ya 24,1%, amortizasiya xərcləri 0,6 min manat və ya 1,6% və digər əməliyyat xərcləri isə 591 min manat (3 dəfə) azalıb.
Bundan əlavə, 2023-cü ildə Mərkəzi Nəbatat Bağı mənfəət vergisi ödəməyib.
Maya Hüseynova