Bu gün Xocalının Ballıca kəndinə köçürülən 98 nəfərdən ibarət 24 ailə evlərinə yerləşiblər.
Ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin iştirakı ilə onlara evlərinin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bu günədək Xocalı rayonunun Ballıca kəndinə, ümumilikdə, 136 ailə, 660 nəfər köçürülüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Kəndə köç edən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur, şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur.
Ballıca kəndinə köç bundan sonra da mərhələli şəkildə davam edəcək. Bunun üçün kənddə təmir və bərpa tikinti işləri davam etdirilir.
13:19
Martın 14-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Bu gün Ballıca kəndində 24 ailə olmaqla, 98 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.