Bakı, 15 mart, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov XII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə aparılan islahatlardan söz açıb, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına toxunan nazir Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. Əlavə edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün qida və ərzaq təhlükəsizliyinin bütün mərhələləri üzrə təşkilatdaxili əməkdaşlığın genişləndirilməsi zəruridir.
Nazir ölkəmizin işğaldan azad edilmiş ərazilərinin yaşıl enerji zonası elan olunduğunu xatırladıb, bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesində mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi istiqamətində İƏT ölkələri ilə səmərəli əməkdaşlıq qurulduğunu bildirib. O, həmçinin qurumun tərkibində Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması prosesinin sürətləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan, öz növbəsində, təşkilatın fəaliyyət planı, icra olunan layihələr və həyata keçirilən tədbirlər barədə məlumat verib. O, İƏT ölkələrində kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması və ölkələrarası ticarətin genişlənməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Görüş zamanı İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, təşkilatın və onun ixtisaslaşmış orqanlarının həyata keçirdiyi regional layihələr, üzv ölkələr tərəfindən irəli sürülən yeni təşəbbüslər, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, bu sahədə ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi və digər gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.