AZ

“Sabahın alimləri” müsabiqəsinin qalibləri

Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Təhsil İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilən “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsindən sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müasir elmdə uğur qazanmaq üçün təkcə bilik kifayət etmir, eyni zamanda, müxtəlif bacarıqlara və istedada sahib olmaq vacibdir. Bu məqsədlə Elm və Təhsil Nazirliyi intellektual oyunlar, fənn olimpiadaları, “Sabahın alimləri” müsabiqəsi və STEAM layihəsi təşkil edir. Firudin Qurbanov əlavə edib ki, bu gün dinamizm, sosial və elmi-texniki inkişafın uğuru yalnız yaradıcılıq fəaliyyətinin səmərəliliyindən asılıdır.

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev son illər ölkəmizdə gənclərin hərtərəfli biliklərə yiyələnməsi, onların elmi potensialının üzə çıxarılması istiqamətində həyata keçirilmiş layihələrdən danışıb.

Mərasimdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə isə sertifikatlar təqdim olunub.

Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.

Rizvan FİKRƏTOĞLU
XQ

Seçilən
1
6
xalqqazeti.az

8Mənbələr