Naxçıvan, 16 mart, Nail Əsgərov, AZƏRTAC
Martın 13-dən 15-dək Azərbaycanda daha bir mötəbər tədbir- “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirildi. Dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlərin iştirak etdiyi budəfəki forum mövzu aktualllığı ilə siyasi mərkəzlərin xüsusi marağını çəkdi və yeni ideyaların səsləndirildiyi panel müzakirələrlə yadda qaldı. Ümumilikdə onu vurğulamaq olar ki, 2013-cü ildən bəri hər il keçirilən bu tədbir Azərbaycanın qlobal siyasətdə artan rolunun, dünya düzəninin formalaşması naminə bəxş etdiyi töhfələrə etimadın bariz göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Bəhruz Məmmədov deyib.
Deputat qeyd edib ki, xüsusilə 2020-ci ildə qazanılan tarixi zəfərdən sonra Azərbaycan diplomatiyasına beynəlxalq ictimaiyyət tərəfindən bəslənilən inam, hörmət ilbəil daha da artmaqdadır. Bunu BRICS, ŞƏT, MDB, TDT, DİF kimi regional və dünya əhəmiyyətli siyasi, iqtisadi platformalardan respublikamızın mövqeyinə verilən birmənalı dəstəkdə, eyni zamanda ölkəmizin aparıcı dövlətlərlə strateji müttəfiqliyə, tərəfdaşlığa imza atmasında, mühüm təşkilatlara üzlükdə görmək olar. Ötən il 200-ə yaxın ölkənin yekdil rəyi əsasında paytaxt Bakı şəhərinin ev sahibliyi etdiyi COP29 da ölkəmizin artan nüfuzunun göstəricisi olmaqla yanaşı, qlobal dünya düzəninin formalaşması istiqamətində önəmli addımların atılması, iqlim dəyişiklikləri ilə mübarizəyə dair tarixi qərarların verilməsi ilə yadda qaldı. Martın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev dərinməzmunlu çıxışında COP29-un nəticələrinə xüsusi diqqət ayırdı, bu konfransda Azərbaycanın mühüm nailiyyətlər əldə etdiyini vurğuladı: “Bakıda COP29-da biz bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, bizdə maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir.”
“Ötən 11 forumun mövzularına nəzər salanda görürük ki, dünyada baş verən siyasi böhranlar, münaqişələr və təhlükəsizlik təhdidləri iştirakçıların müzakirə etdiyi əsas məsələlərdən olub. Bu mənada aparılan müzakirələr təkcə Azərbaycanın maraqları üçün deyil, həm də dünya siyasətinin inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. XII forumda da siyasi xadimlər və ekspertlər ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşdülər, siyasi baxışlarını ifadə etdilər. Bu xüsusda onu vurğulamaq yerinə düşər ki, hazırda dünyanın müxtəlif bölgələrində silahlı münaqişələr, müharibələr davam edir, yeni münaqişə, müharibə ocaqlarının yaranması ehtimalı böyükdür. Məhz beynəlxalq arenada vəziyyətin bu cür kəskin şəkildə dəyişdiyi bir vaxtda dövlətlərə, xalqlara ədalətli dünya düzəninin formalaşdırılması məqsədilə vacib çağırışlar edən XII Qlobal Bakı Forumu mühüm əhəmiyyətə malikdir. Bu forum həm də uzun illərdir erməni faşizmindən əziyyət çəkən, onun fəsadlarının aradan qaldırılması üçün mübarizə aparan qalib Azərbaycanın regionda sabitliyin təmin olunması istiqamətində atdığı addımları kölgələməyə çalışan dairələrin əməllərinin ifşası, həqiqətlərin dünyaya düzgün şəkildə çatdırılması üçün vacib platforma rolunu oynayır”-deyə Bəhruz Məmmədov əlavə edib.