Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, martın 17-dən etibarən 17 və 24 nömrəli marşrutların hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.
AYNA-dan Sfera.az-a verilən məlumata görə, 17 nömrəli marşrutun hərəkət istiqaməti aşağıdakı kimi dəyişdiriləcək:
Yeni Yasamal yaşayış massivi istiqamətində: Əhməd Rəcəbli küçəsi (son dayanacaq) → Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) → Əhməd Rəcəbli küçəsi → Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.
24 nömrəli marşrutun hərəkət istiqaməti isə belə olacaq:
Qaraçuxur qəsəbəsi istiqamətində: Təbriz küçəsi (son dayanacaq) → Əhməd Rəcəbli küçəsi → Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.
Agentlikdən bildirilib ki, bu dəyişikliklər müvəqqəti xarakter daşıyır və yenidənqurma işləri başa çatdıqdan sonra marşrutlar əvvəlki hərəkət sxeminə qaytarılacaq.