Xankəndi, 16 mart, AZƏRTAC
Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi Xankəndi şəhərində təntənəli şəkildə qeyd olunacaq. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19:45-də Xankəndidəki Zəfər meydanında "Xankəndinin bahar nəğməsi" adlı konsert olacaq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, martın 18-də Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq. Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər. Hər ev, hər ailə bayram ovqatı və sevinc yaşayacaq.