AZ

Xalq artisti Ənvər Həsənov vəfat etdi

Xalq artisti, aktyor Ənvər Həsənov vəfat edib.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Qeyd edək ki, Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M. A.Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb.

Ə.Həsənov gənc yaşlarından kinolara çəkilməyə başlayıb. Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı, aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmlərində rol alıb. Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmlərini çəkib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Əməkdar artist, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Xatırladaq ki, 2025-ci ilin yanvarında aktyorun səhhətində problem yaranmışdı, o, xəstəxanaya yerləşdirilmişdi.

Allah rəhmət eləsin.

Seçilən
12
14
operativmm.az

10Mənbələr