Bakı, 16 mart, AZƏRTAC
Xalq artisti, aktyor, rejissor Ənvər Həsənov vəfat edib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verib.
Qeyd edək ki, Ənvər Həsənov 1950-ci il avqustun 17-də Bakıda anadan olub. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb.
O, gənc yaşlarından kinolara çəkilməyə başlayıb. Xüsusilə "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb. Ənvər Həsənov həyat yoldaşı, aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmlərində rol alıb. Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmlərini çəkib.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist, 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Xatırladaq ki, 2025-ci ilin yanvarında aktyorun səhhətində problem yaranmışdı və o, xəstəxanaya yerləşdirilmişdi.