Bakı, 17 mart, AZƏRTAC
Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi və bununla bağlı bütün respirator xəstəliklərin, həmçinin mövsümi qrip hallarının artması müşahidə edilə bilər.
AZƏRTAC xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin bayram günləri ilə əlaqədar əhaliyə müraciətində yer alıb.
Müraciətdə qeyd olunur ki, bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi səbəbindən növbəti həftələrdə bayram şənliklərinin və digər kütləvi tədbirlərin təşkil olunması gözləniləndir. Bununla yanaşı, hazırda əhali arasında əksər insanların oruc tutması ilə əlaqədar gündəlik qida rejiminə fərqli qaydada riayət olunur. Belə ki, iftar zamanı həddən artıq qida qəbulu və ya müxtəlif qidaların eyni vaxta və ya ard-arda qəbul edilməsi insan orqanizminə öz təsirini göstərir.
Ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlı müxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqları daxil etməyi tövsiyə edir. Eyni zamanda, yaz mövsümünda havaların dəyişkən keçməsini nəzərə alaraq üst geyimlərinin fəsil və hava şəraitinə uyğunlaşdırılması məsləhətdir.
Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları qorumalıdır.