Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev “Azərenerji” ASC-nin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmanla “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
Azərbaycan Respublikasının Prezidentinə:
- Cəmiyyətin yenidən təşkili və ləğvi;
- Cəmiyyətin icra orqanının yaradılması;
- Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
- Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
- Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;
- Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
- bu Fərmanın 1.1-ci və 1.3-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
- Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
- Cəmiyyətin digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarların qəbul edilməsinə razılıq verilməsi;
- Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulmasına razılıq verilməsi.
Müəyyən edilsin ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Cəmiyyətin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.