Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri təsdiqlənib.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.
Maliyyə Nazirliyi Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməlidir.
Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, bu qərarda nəzərdə tutulmayan vəzifələr üzrə aylıq vəzifə (tarif) maaşlarını müəyyənləşdirməlidir.
Qeyd olunmuş tədbirin həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, yeni mühafizə xidməti tariflərinin təsdiq edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin büdcədən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərini müəyyənləşdirməlidir.
***
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının, həmçinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də yeni redaksiyada təsdiq edilib.
Hər iki Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.