Avtomobil salonunda benzin qoxusunun yaranması və ya maşının altında rəngli ləkənin görünməsi yanacaq sızmasının əlamətləridir. Bu, ciddi və təhlükəli bir problemdir, dərhal tədbir görülməlidir.
Oxu.Az-ın “İzvestiya”ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Aleksandr Qoman xəbərdarlıq edib.
Ekspert problemin yaranma səbəbləri və onu aradan qaldırmağın yolları haqqında danışıb. Onları təqdim edirik:
Yanacaq sızmasının əsas səbəbləri
Yanacaq filtri – Bəzi avtomobillərdə filtr benzin çəninə yaxın yerləşir və zamanla korroziyaya uğrayır. Bundan əlavə, filtrin tıxanması nasosun təzyiqini artıraraq sızmaya səbəb ola bilər.
Yanacaq nasosu – Nasosun sıradan çıxması və ya onun möhürlərinin zədələnməsi sızmaya yol aça bilər.
Yanacaq çəni – 10 ildən çox istifadə olunan avtomobillərdə metal çənlər korroziyaya uğrayaraq sızdırmağa başlayır. Bəzi hallarda çəni saxlayan elementlər çürüyür və çən düşə bilər.
Mexanik zədələr – Yüksək səddə çırpılmaq və ya yol çuxurlarına düşmək çənin deşilməsinə səbəb ola bilər.
Yanacaq şlanqları və injektorlar – Şlanqların çatlaması və ya injektorların möhür halqalarının sıradan çıxması sızmaya səbəb ola bilər.
Nə etməli?
Yanacaq sızması aşkar edildikdə hərəkətə başlamaq olmaz. Əgər problem yolda ortaya çıxıbsa, avtomobili dərhal söndürmək lazımdır və avtoservisə getmək tövsiyə olunur, ən yaxşı seçim isə evakuatorla getməkdir.
“Yanacaq sızması çox təhlükəli bir nasazlıqdır – bu halda avtomobillə hərəkət etmək məsləhət görülmür. İstənilən qığılcım və ya yanacağın isti bir hissəyə düşməsi alovlanma riskini artırır”, – deyə ekspert sözlərini yekunlaşdırıb.