Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Gürcüstanın Rustavi şəhərində iftar mərasimi təşkil edilib.
Mərasimdə Azərbaycan və Gürcüstanın müvafiq qurumlarının nümayəndələri, Gürcüstan parlamentinin deputatları, yerli icra orqanlarının rəhbərləri, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin və Gürcüstan Patriarxlığının təmsilçiləri, din xadimləri və icma üzvləri iştirak ediblər.
Ölkəmizin Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xaricdə yaşayan soydaşlarımızla bağlı belə bir tədbirin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, biz eyni regionda əsrlər boyu yaşamış xalqlar kimi ümumi mədəni dəyərləri bölüşürük. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda çoxmillətli və çoxkonfessiyalı ölkələr kimi tanınırlar. Bu mənada, multikulturalizm və tolerantlıq iki xalqı birləşdirən ortaq dəyərlərdir.
Milli Məclisin deputatı Arzu Nağıyev, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin Departament rəhbəri Davit Davitaşvili, Rustavi şəhərinin meri Nino Latsabidze, Gürcüstan Parlamentinin deputatı İrakli Satakişvili, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Məhəmməd Şamilov ölkələrimizin əməkdaşlığının iqtisadi, sosial və siyasi baxımdan nümunəvi xarakter daşıdığını, bu cür yüksək mənəvi dəyəri olan tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini qeyd ediblər.
XQ