Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.
Modern.az-ın məlumatına görə, Qazılar Şurasının fətvasında bildirilib ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək.
Ramazan ayında Qədr (Əhya) gecələrinin hansı tarixlərə təsadüf edəcəyinə də aydınlıq gətirilib.
Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı xüsusi təqviminə görə, bu gün ilk Qədr gecəsini yaşayacağıq.
Təqvimə əsasən ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə (18 mart) təsadüf edir.
Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) də Qədr gecələri olacaq.
İslam təqvimi ilə Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı qeyd olunacaq.
Qədr gecəsi Allahın müqəddəs kitabı “Quran”ın nazil olduğu gecədir. Allah-Təala “Qurani-Kərim”də buyurur: “Həqiqətən biz onu (“Quran”ı) Qədr gecəsi nazil etdik!”
Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti min ay (təqribən 84 il) ibadətdən üstün və fəzilətli olar.
Rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunub.
Qədr gecəsi Allah insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar. Qədr gecəsi elə bir gözəl gecədir ki, Allah-Təala o gecədə mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir.
Qədr gecəsin həm bərəkətli, həm də Allahın mərhəməti olan bir gecədir.
Hədislərdə nəql olunur ki, o gecə şeytan möminlərə yaxın düşə bilməz. Hər kəs bu gecənin ləzzətini, mənəvi gözəlliyini hiss etmək və günahlarının bağışlanmasını istəyirsə, bu gecəni ibadətlə keçirməli, mələklərin salamına cavab verməlidir.
Qədr gecəsi əhya saxlamaq, yəni səhərədək oyaq qalmaq savab sayılır. Həmin gecədə təkcə oyaq qalmağın özü də ibadət sayılır. Çünki oyaq qalmanın özü bu mübarək gecəni ilin başqa günlərindən tamamilə fərqləndirir.
Hər kim Qədr gecəsində oyaq qalıb Allaha ibadət edərsə, Allah-Təala ona min ay ibadətin savabından artıq savab yazar. Əgər bir kəs oyaq qalmaqla narahat olursa, yatmağın heç bir eybi yoxdur. Çünki onun bu gecəni oyaq qalmaq və ibadət etmək niyyəti ona bu savabı qazanmağa imkan verir. Allah bütün niyyətlərdən xəbərdardır və inşallah, bu yuxusunu onun üçün ibadət hesab edər. Çünki gecə oyaq qalıb narahat halda ibadət etmək düzgün deyil. İnsan gərək ibadəti eşq və həvəslə yerinə yetirsin.
Bu gecə məscidlərə gəlməkdən və evlərimizdə səhərə qədər oyaq qalıb Allaha ibadət etməkdə məqsəd budur ki, Allah-Təalaya ibadət və dua edib günahlarımızın bağışlanmasını diləyək. Bu gecə Allah özü insanları dəvət edərək onların günahlarını bağışlayır. Hər kəs bu gecə onun qapısına getsə, əliboş qayıtmaz. Çünki Allah-Təala özü onu dəvət edib və mümkün deyil ki, kimsə onun qapısına gəldikdə əliboş qayıtsın.