AZ

İfşa davam edir...

Erməni məhbusların Bakı Hərbi Məhkəməsinin küresüsündən səsləndirdikləri şok etiraflar Paşinyan üçün həqiqətən də öldürücüdür.

Beləliklə, bu dəfə kürsüdə Levon Mnatsakanyandır. Kimdir bu əcaib soyadlı erməni?

1955-ci ildə bizim Xankəndidə doğulan L.Mnasakanyan uzun müddət Ermənistanın dövlət xadimi və hərbçisi olub.

2015/2018-ci illərdə keçmiş qondarma "dqr"-nın "Müdafiə naziri" vəzifəsini yerinə yetirib.

2023-cü ilin 19-20 sentyabrında antiterror əməliyyatı zamanı xüsusi təyinatlılarımız tərəfindən yaxalanaraq Bakıya gətirilib.

Martın 17-də davam etdirilən məhkəmə-baxış iclasında Levon Mnatsakanyan prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və vəkilləri tərəfindən verilən çoxsaylı sualları cavablandırıb.

L.Mnasakanyanın cavabları, etirafları istər Nikol Paşinyanı, istərsə də ondan öncə Ermənistana rəhbərlik etmiş şəxsləri Beynəlxalq Məhkəməyə verməyə və Ermənistan dövlətini bir proje kimi, kantora kimi bağlamağa yetər.

Gəlin Levon adlı bu separatçı və terrorçu erməninin ifadələrini birlikdə nəzərdən keçirək.

Təqsirləndirilən şəxs Levon Mnatsakanyan Qarabağda hərbi xidmətə 1992-ci ildə başladığını və həmin il oktyabrın 2-də döyüşlərdə yaralandığını, 1993-cü ildən 2012-ci ilədək qondarma qurumun “ordusu”nda hərbi xidmətini müxtəlif vəzifələrdə davam etdirdiyini, sonra isə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini təyin olunduğunu bildirib. 2015-ci ildə həmin vəzifədə çalışan L.Mnasakanyan vaxtilə işğal edilmiş ərazilərdə mövcud olmuş qondarma rejimin “müdafiə naziri” – “ordu komandanı” “vəzifəsi”nə təyin olunduğunu deyib. Bildirib ki, sonradan Ermənistanın müdafiə naziri təyin olunan Seyran Ohanyan da əvvəlcə qondarma rejimdə müxtəlif “vəzifələr” tutub. “Qarabağdakı “vəzifələr”dən əvvəl isə o, 366-cı alayda tabor komandiri olub”, - deyə Levon Mnatsakanyan əlavə edib.

O etiraf edib ki, qondarma rejimin “ordusu”nda yüksək vəzifələrə təyinatlarla bağlı qərarlar Ermənistanda verilib. Polkovnik-leytenant və daha yuxarı rütbələr üzrə vəzifələrin təyinatını Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, müdafiə naziri və Ermənistan prezidenti (sonradan baş nazir) edib. “Mən isə “ordu”nun “komandiri” kimi mayor daxil olmaqla, ondan aşağı vəzifələrə təyin edə, mayora qədər rütbə verə bilərdim”, - deyə o bildirib.

Mnasakanyan əlavə edib ki, qondarma rejimin “ordusu”nun maliyyə məsələləri Ermənistanın Müdafiə Nazirliyi, silah-sursat isə tam olaraq Ermənistan silahlı qüvvələri tərəfindən təmin edilirdi. O, daha sonra deyib: “Bizdə təchizat xidməti var idi. Təchizat xidməti qəbul edirdi, sonra hər bölməyə təqdim olunurdu. Yəni, silah-sursat təminatı Ermənistanın Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi”.

Levon Mnatsakanyan bildirib ki, 2015-ci ilin iyun ayında onu qondarma rejimin “müdafiə naziri” - “ordu”nun “komandanı” vəzifəsinə Ermənistanın ovaxtkı prezidenti Serj Sərkisyan təyin edib.

Təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu “vəzifə”yə “təyin olunması” barədə təqdimat verib, S.Sərkisyan isə onu təsdiqləyib.

Mnatsakanyanın sözlərinə görə, S.Sərkisyan təyinatla bağlı onu qəbul edib. “Görüş zamanı mənə dedi ki, bu, çox önəmli vəzifədir”, - deyə təqsirləndirilən şəxs əlavə edib.

Levon Mnatsakanyan bildirib ki, işğal olunmuş ərazilərdə hərbi xidmət etmiş erməni sakinlər və Ermənistan Respublikasının vətəndaşlarının törətdikləri hərbi cinayətlərin təhqiqatını Ermənistanın Hərbi Polisi, ibtidai istintaqını isə Ermənistanın Hərbi Prokurorluğu aparıb.

O, işğal edilmiş ərazilərdə “Ermənistan Respublikasının Xankəndi hərbi polis bölməsi” adlı qurumun fəaliyyət göstərməsinə isə “Eyni ordunun bölməsi olduğuna görə belə bir qurum var idi” cavabını verib.

Mnatsakanyan daha sonra vurğulayıb ki, hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətli hərbi xidmətə göndərilib.

O, ildə iki dəfə hərbi çağırış olduğunu, hər çağırış zamanı 3500-4000 Ermənistan vətəndaşının işğal edilmiş ərazilərə gətirildiyini deyib.

Onun sözlərinə görə, qondarma rejimin “ordusu”nda xidmət edənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faizi isə işğal edilmiş ərazilərdə yaşayan erməni sakinlər olub.

Təqsirləndirilən şəxs daha sonra qeyd edib: “Xidmət zamanı onların arasında fərq qoyulmurdu, onlar eyni komandanlığa tabe olurdular və hərbi geyimləri də eyni idi".

O, işğal edilmiş ərazilərdəki və Ermənistandakı hərbçilərin eyni nizamnamə ilə işlədiklərini də bildirib.

Levon Mnatsakanyan bir dəfə onlara xaricdən binokl gətirilməsindən də danışıb: “2015-ci il, yaxud ondan əvvəl idi, dəqiq bilmirəm, Ermənistana Amerikadan və ya haradansa binokllar və digər ləvazimatlar gətirmişdilər. Onu da sonradan birbaşa gətirməyi qadağan etdilər. Həmin yardımlar gəlib Ermənistan Müdafiə Nazirliyinin bazasına yığılırdı, ondan sonra paylanırdı”.

L.Mnatsakanyan deyib ki, Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb. O, qondarma rejimin “müdafiə naziri” olduğu vaxt, ondan əvvəl və sonra işğal altındakı ərazilərdə bu silahları görmədiyini bildirib.

Gəncə, Bərdə və digər ərazilərdə dinc əhalinin raket atəşinə tutulması barədə əmrin kim tərəfindən verilməsi barədə danışan

Mnasakanyan deyib ki, bu cür atəşlərin açılması üçün əmri Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi verə bilərdi. “Baş qərargah rəisi əgər əmr verə bilirsə, əmri verməzdən əvvəl ölkə rəhbərliyində kiminlə razılaşdırmalı idi?” sualına isə L.Mnatsakanyan “Müharibə zamanı baş qərargah rəisi bir nəfərə tabe olur, ölkənin rəhbərinə”.

“Ölkənin rəhbəri deyəndə Ermənistanda kim nəzərdə tutulur?” sualına isə təqsirləndirilən şəxs “Ermənistanda Baş nazirdir. Həmin vaxt baş qərargah rəisi Onik Qasparyan, baş nazir isə Nikol Paşinyan idi” cavabını verib.

O, həmin raketlərin hədəfdən yayınma ehtimalının təxminən 5-10 metr olduğunu deyib. Prokurorun “Sizcə, 44 günlük müharibə zamanı Gəncə, Bərdə və digər ərazilərdə mülki insanların öldürülməsi raketlərin hədəfdən yayınması nəticəsində olub, yoxsa hədəflər qəsdən seçilib?” sualına isə belə cavab verib: “Bir neçə dəfə olubsa, aydın məsələdir ki, nədir. Bir dəfədirsə, təsadüfdür, bir neçə dəfədirsə, təsadüf deyil... Bilmirəm”.

L.Mnatsakanyan deyib ki, qondarma rejimdə “müdafiə naziri” “vəzifəsi”ndə olduğu müddətdə hansısa dəyişiklik, islahat, hadisə barədə rejimin “prezident”inə məruzə etməyib. “Ümumi təmaslar ola bilərdi, başqa heç nə. Mən Ermənistan silahlı qüvvələrinin baş qərargahına məruzə edirdim”, - deyə o bildirib.

Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı da Ermənistan silahlı qüvvələrinin baş qərargahına məruzə etdiyini, Qarabağdakı qondarma rejimin “rəhbərliyi”nə isə heç bir məlumat vermədiyini bildirib.

L.Mnatsakanyan qeyd edib ki, qondarma rejimdə “ordu”nun inkişaf planını və digər sənədlərini Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi təqdim edir, Ermənistan rəhbəri isə təsdiqləyirdi, qondarma rejimin “prezident”inin bu məsələ ilə bağlı heç bir səlahiyyəti olmayıb.

Təqsirləndirilən şəxs ifadəsində 2020-ci ildə 44 günlük müharibə zamanı Arayik Harutyunyanın tapşırığı ilə Talış kəndi və cənub istiqamətində döyüş bölgəsində artilleriya bölməsində olduğunu da etiraf edib. “Gəlib dedim ki, orada qanunsuzluq hökm sürür, bardakdır”, - deyə o əlavə edib.

O, Qarabağa minaların Ermənistandan gətirildiyini də etiraf edib və bildirib: “Ermənistanda piyadalar əleyhinə mina istehsal olunurdu”.

Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşən Levon Mnatsakanyan martın 3-də keçirilən iclasda verdiyi ifadəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı Ermənistan hərbçilərinə kiminləsə danışmağı, kiminləsə təmasda olmağı qadağan etsiyini də bildirmişdi. Əlbəttə, Paşinyan bu yolla Qarabağdakı bütün proseslərin Ermənistan rəhbərliyi tərəfindən yönləndirildiyini gizlədə biləcəklərini düşünürdü.

Lakin "Azərbaycanın Nürnberqi" prosesi kimi diqqətləri cəlb etməyə başlayan məhkəmə prosesi indi həm Paşinyanın, həm də onun sələflərinin (Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan) bütün paxırlarını gün üzünə çıxartmağa, Ermənistan dövlətinin terrorçu-faşist mahiyyətini dünyaya göstərməyə başlayıb. Qarşıdakı iclaslarda isə hələ çox faktlar açıqlanacaq. Bu mənada, hazırda Ermənistanın siyasi elitasının nəyə görə dərin narahatlıq hissi keçirməsini səbəbini, motivini başa düşmək olar...

(ardı var)

Bəybala Mirzəyev

visiontv.az



Seçilən
26
2
visiontv.az

10Mənbələr