AZ

Əgər üzük düz fırlanarsa, qızın qisməti açıq olacaq - Novruz falları

Azərbaycanın qədim Novruz ənənələrindən biri də fal açmaqdır.

Novruzun ən əhəmiyyətli günü olan İlaxır çərşənbəsi qədim inanclara görə ilin sonuncu çərşənbəsi olmaqla yanaşı, gələcəkdən xəbər almaq üçün ən uyğun vaxt hesab olunur. Bu gecə insanlar xüsusilə fal açmağa meyilli olur, çünki inanırlar ki, bu axşam nə deyilərsə, nə görünərsə, həqiqətə çevriləcək.

Azərbaycan cəmiyyətində fal ənənəsi xüsusilə gənc qızlar arasında geniş yayılıb. Ailə qurmaq hər zaman mühüm məsələ sayıldığı üçün subay qızlar gələcək həyat yoldaşları haqqında xəbər almaq istəyirlər. İlaxır çərşənbəsində açılan fallar onların ən böyük maraq mənbəyinə çevrilir. İnanclara görə, bu gecə edilən fal açma ayinləri xüsusilə doğru çıxır.

Bakıvaxtı.az İlaxır çərşənbəsinin özünəməxsus fal adətlərini sadalayır:

Qulaq falı - Bu falda qızlar axşam saatlarında gizlicə qonşu evlərin qapısına yaxınlaşır və ilk eşitdikləri sözü diqqətlə dinləyirlər. Əgər eşidilən söz müsbət mənalı olarsa, həmin qızın qismətinin açıq olacağına inanılır. Əks halda, bir müddət də subay qalacağı düşünülür.

Ürək falı (duzlu çörək falı)- Subay qızlar yatmazdan əvvəl duzlu çörək yeyir və su içmədən yatırlar. İnanca görə, həmin gecə yuxuda su verən oğlan gələcək həyat yoldaşı olacaq.

Güzgü və şam falı- Gənc qızlar otaqda tək qalaraq güzgü qarşısında iki yanan şamın işığında diqqətlə baxırlar. İnanca görə, əgər səbrlə baxsan, güzgüdə gələcək həyat yoldaşının əksi görünə bilər.

Ülgüc və üzük falı- Bir ipə üzük və ya ülgüc bağlanıb fırladılır. Əgər üzük düz fırlanarsa, qızın qisməti açıq olacaq, əyri fırlanarsa, hələ də gözləməli olduğu düşünülür.

Qapıdan keçən ilk adamın falı- İlaxır çərşənbəsində qapıdan içəri girən ilk şəxsin cinsi və xasiyyəti subay qızların gələcək həyat yoldaşını simvolizə edir. Əgər ilk gələn şəxs şən, mehriban birisidirsə, bu, uğurlu ailə həyatı qurmağa işarədir.

Bəzi insanlar falları əyləncə kimi qəbul etsə də, bir çoxları onları ciddi qəbul edir. Xüsusilə gənc qızlar üçün bu fallar taleyin onlara verdiyi siqnallar kimi görünür. Azərbaycan cəmiyyətində ailə qurmaq mühüm hadisə olduğuna görə subay qızlar tez-tez bu kimi inanclara yönəlirlər.

Hər nə qədər bu fallar elmi əsaslara söykənməsə də, Novruzun mistik ab-havası, qədim inanclar və ənənələr sayəsində insanlar onları yaşatmaqda davam edirlər. İlaxır çərşənbəsində açılan fallar yalnız gələcəyin sirrini açmaq üçün deyil, həm də nənələrdən nəvələrə ötürülən mədəni irs kimi önəm daşıyır.

Azərbaycan xalqı üçün Novruz yalnız bayram deyil, həm də minilliklərdən gələn inancların, ümidlərin və arzuların rəmzidir. Çərşənbə falları isə bu ənənənin ayrılmaz hissəsidir və hər il minlərlə insan gələcək ümidlərini bu falların nəticələrinə bağlayır.

Bayramınız mübarək!

Nuriyyə Musayeva

Seçilən
4
35
bakivaxti.az

10Mənbələr