Mətbuat xidmətindən Azia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal və Şimal-Qərb regional mərkəzləri tərəfindən Quba Rayonlararası Psixonevroloji Mərkəzində və Şəki Rayon Psixiatriya Xəstəxanasında “Psixi sağlamlıq və insan hüquqları” və “Psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzularında hüquqi maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlərdə psixi sağlamlıq problemləri ilə yaşayan şəxslərin hüquqlarının müdafiəsinin Ombudsmanın fəaliyyət istiqamətlərindən biri olduğu bildirilib. Bu sahədə həyata keçirilən fəaliyyət barədə məlumat verilib. Müvəkkilin təşəbbüsü ilə Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində işçi qrupun yaradıldığını diqqətə çatdırılıb.
Eyni zamanda, “Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda edilmiş dəyişikliklər, Ombudsmanın Milli Preventiv Mexanizm mandatı, “916” Çağrı Mərkəzi, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə də ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.