AZ

Qarabağda qalanan Novruz tonqalları gələcək Azərbaycanın yoluna işıq saçır – Tənzilə Rüstəmxanlı yazır

Qədim adət-ənənələrimizi özündə ehtiva edən milli bayramımız Novruz həmçinin özündə xalqımızın milli kimliyini təcəssüm etdirir.

Novruz bayramı yazın ilk günü qeyd olunan və təbiətin canlanmasını özündə əks etdirən bir bayram olmaqla yanaşı Azərbaycan xalqının milli düşüncəsini, mental həyatını özündə birləşdirməyi bacarmışdır. Sovetlər dövründə mövcud olan qadağalara rəğmən yalnız el bayramı kimi qeyd olunan Novruz xalqımız tərəfindən yaşadılımış və bütün adət-ənənələri qorunub saxlanılmışdır. Müstəqillik əldə etdikdən sonra Novruz bayramı dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd olunmağa başlandı. Novruz bayramında keçirilən kütləvi bayram şənlikləri isə xalqımızın birlik-bərabərlik və həmrəyliyindən xəbər verir. Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.

Hər il Novruz bayramında da əsas arzumuz bu idi iki, inşallah, növbəti il bayramı doğma Qarabağımızda qeyd edək. Şükürlər olsun ki, bu arzumuz da gerçəkləşdi. Bizə bu qüruru, bu sevinci müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla şanlı Ordumuz, qəhrəman hərbçilərimiz yaşatdı. Bu torpaqlar şəhidlərimizin qanı ilə sulanıb. Bizim doğma Qarabağa qayıtmaq arzumuzun gerçəkləşməsi üçün onlar canlarını qurban verdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Həqiqətən də, ordumuz əsl qəhrəmanlıq salnaməsi, dastanı yazdı. Hərbçilərimizin qəhrəmanlığının nəticəsində vaxtilə işğal altında olmuş bütün torpaqlarımızda bu gün Novruz tonqalı yandırılır. Artıq bu torpaqlar öz sahiblərinin qayıdışına sevinir. Bu gün qalib və güclü Azərbaycanda hər bir əlamətdar gün və təqvim kimi Novruz Bayramı da yüksək səviyyədə qeyd olunur.

Minilliklərin süzgəcindən axıb gələn dəyərlər xalqımız tərəfindən yaşadılmaqla yanaşı o, gələcək nəsillərə daha yüksək səviyyədə ötürülür. Azərbaycanın hər yerində olduğu kimi azad edilmiş torpaqlarımızda da Novruz tonqalları qalanır, insanlarımız bayram süfrələri açır, öz ata-baba torpaqlarında bayramı qeyd edən soydaşlarımız üçün bu ayrı bir sevinc hissi yaradır. Artıq dörd ildir ki, Azərbaycan xalqı Novruzu qalib kimi qeyd etməyin qürurunu yaşayır. Ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş bugünkü qalib Azərbaycan məhz uzun on illiklər bayramlarda edilən arzuların təzahürüdür. Qarabağda və Şərqi Zəngəzurda bayram tonqalları yandırılır.

Cıdır düzündə Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin tarixi Zəfərdən sonra alovlandırdığı Novruz tonqalı xalqımızın illərlə arzuladığı reallığın təcəssümü idi. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə isə Xankəndi şəhərində. Bu il Ağdərədə Novruz tonqalını alovlandıran Prezident İlham Əliyev xalqımıza birlik, qələbənin vermiş olduğu qüruru çatdırmış olub. Bu gün Qarabağda qalanan Novruz tonqalları həm də gələcək Azərbaycanın yoluna işıq saçır. Bu gün biz Novruzu təkcə baharın gəlişi kimi deyil, həm də Qələbəmizin, suverenliyimizin və milli birliyimizin rəmzi kimi qeyd edirik. Azərbaycanın azad Qarabağ torpaqlarında bayram tonqallarının qalanması, xalqımızın tarixində yeni bir dövrün başlanğıcıdır. Bu birlik, həmrəylik və qələbə ruhu daim bizimlə olacaqdır!

Tənzilə Rüstəmxanlı

Milli Məclisin deputatı

Seçilən
13
5
yenicag.az

6Mənbələr