1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Abşeron rayonu, 28 May qəsəbəsində evləri su basıb.
Oxu.Az xəbər verir ki, buna səbəb yaxınlıqdakı Daşagil gölünün daşması olub.
Sakinlərin sözlərinə görə, əvvəllər göldən su tez-tez çəkilirdi, hazırda çəkilmədiyinə görə Novruz bayramı ərəfəsində daşaraq yaşayış sahələrinə dolub. Onlar Fövqəladə Hallar Nazirliyindən kömək gözlədiklərini bildiriblər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə, o cümlədən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə əsasən, göstərilən məsələ FHN-in deyil, yerli icra hakimiyyət strukturları, o cümlədən su-kanalizasiya təchizatı qurumlarının vəzifələrinə aiddir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-a verilən məlumata görə, qeyd olunan ərazidə sözügedən qurumun mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil:
"Bu səbəblə ərazidə formalaşan tullantı suları Abşeron rayonunda Daşagil gölündə suyun səviyyəsinin artmasına səbəb olur. Xidmət tərəfindən göldə suyun səviyyəsinin tənzimlənməsi məqsədilə nasoslar quraşdırılır, bu da suların ətrafa daşmasının qarşısını almaq məqsədi daşıyır. Bu işlər dəfələrlə görülüb, amma problemin köklü şəkildə həlli üçün mərkəzləşmiş şəbəkə qurulmalıdır. Bunun üçün isə sakinlər qaydalara uyğun olaraq tələb edilən sənədlərə malik olmalıdırlar.
Xüsusilə diqqətə çatdıraq ki, fevral ayından su və kanalizasiya təchizatına qoşulmaq üçün yeni qaydalar tətbiq edilir. Bu qaydalara uyğun olaraq, təchizat sisteminə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə (qaydalarda öz əksini tapan) "ASAN xidmət", "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidirlər.
Su və kanalizasiya təchizatına qoşulmaq üçün tətbiq edilən yeni qaydalarla xidmətin hazırladığı videoçarx vasitəsilə tanış ola bilərsiniz".
Aygün Mirakif