Qrenlandiyanın Baş naziri Mute Eqede hesab edir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələrinin adaya planlaşdırılan səfəri Vaşinqtonun təzyiqini artırmaq cəhdidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
"Milli təhlükəsizlik üzrə müşavir Qrenlandiyada nə edə bilər? Yeganə məqsəd üzərimizdə güc nümayiş etdirməkdir", - M.Eqede ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və ABŞ-nin energetika naziri Kris Raytın bu həftənin sonunda Qrenlandiyaya səfər planlarını şərh edib.
Baş nazirin fikrincə, M.Uoltsun adaya səfəri amerikalıların Trampın missiyasına inamını gücləndirəcək və Qrenlandiyaya təzyiqi artıracaq.
Digər qrenlandiyalı rəsmilər səfərin vaxtının uyğun olmadığından şikayətləniblər, Qrenlandiyada parlament seçkilərinin yenicə keçirildiyini və yeni hökumətin hələ formalaşmadığını qeyd ediblər.
***
11:50
Bu həftə ABŞ-nin yüksək səviyyəli nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın adanı birləşdirmək niyyəti ilə bağlı bəyanatları fonunda adanın ənənələri ilə tanış olmaq üçün Qrenlandiyaya səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nümayəndə heyətinə ABŞ vitse-prezidenti Cey Di Vensin həyat yoldaşı Uşa Vens rəhbərlik edəcək. Heyətə həmçinin Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və energetika naziri Kris Rayt daxil olacaq.
Bildirilib ki, M.Uolts və K.Rayt Qrenlandiyadakı ABŞ hərbi bazası olan Pituffik kosmik bazasını ziyarət etməyi planlaşdırırlar. Daha sonra onlar tarixi yerləri ziyarət etmək üçün U.Vensə qoşulacaqlar.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Brayan Hyuz qeyd edib ki, ABŞ nümayəndə heyəti bu səfərin tərəfdaşlıq münasibətlərinin inkişafı üçün imkan yaradacağına əmindir.
Xatırladaq ki, Donald Tramp prezident vəzifəsinin icrasına başladıqdan sonra Qrenlandiyanı ABŞ-yə birləşdirmək niyyətində olduğunu bəyan edib. Lakin həm adanın, həm də Danimarkanın hökuməti Trampın ideyasına qarşı çıxıblar.