İstanbul Böyükşehir Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbs edilməsindən sonra bələdiyyə məclisi bu gün İmamoğlunun vəzifəsini müvəqqəti icra edəcək şəxsi müəyyən etmək üçün toplanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-nin namizədi Nuri Aslan və AKP-dən rəqibi Zeynel Abidin Okul bu vəzifə uğrunda mübarizə aparır.
Məclis üzvləri səsvermə prosesinə keçib.
İBB Məclisindəki bölgüyə əsasən, CHP-nin 176, AKP-nin 120, MHP-nin 6, Böyük Birlik Partiyasının 2 üzvü var, həmçinin bir müstəqil üzv yer alır. Bu mənzərəyə görə, məclisdə say üstünlüyü CHP-nin xeyrinə görünür.
Bələdiyyə Qanununun 45-ci maddəsinə əsasən, seçki Bələdiyyə Məclisi üzvləri arasında gizli səsvermə yolu ilə aparılacaq. İlk iki turda 2/3 səs çoxluğu tələb olunur. Əgər bu təmin edilməzsə, üçüncü turda sadə səs çoxluğu kifayət edəcək.
Seçkinin üçüncü turda yekunlaşması gözlənilir. Ancaq üçüncü turda da nəticə alınmazsa, ən çox səs toplayan iki namizəd arasında dördüncü səsvermə keçiriləcək. Əgər bərabərlik yaranarsa, qalib püşkatma yolu ilə müəyyən ediləcək.
***
İBB-də keçirilən iclasın nəticələrinə görə, sədr vəzifəsini CHP-nin üzvü Nuri Aslan icra edəcək.